Almaniya dövlət katibi: “COP29-da qəbul olunmuş qərarların icra mexanizmləri müzakirə olunacaq”

Almaniya dövlət katibi: “COP29-da qəbul olunmuş qərarların icra mexanizmləri müzakirə olunacaq”

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Dubayda keçirilmiş COP28-də qəbul edilmiş bir çox qərarların icrası üçün müzakirələrin aparılacağı və mexanizmlərin və yolların yaradılacağı yer olacaq.

“Birxeber.Az” xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi, dövlət katibi Cennifer Morqan Bakıda bir qrup jurnalistlə görüşündə deyib.

Onun sözlərinə görə, məsələn, ümumi iş üçün maliyyələşdirmə mexanizminin və Milli Töhfələrin (NDC) yaradılması əsasdır.

“Ölkələrin NDC-ni necə müəyyənləşdirməsi, onu gələcək üçün tam iqtisadi plana çevirməsi, xüsusiyyətlərin nə olacağı, 2025-ci il üçün gələcək planların nələri əhatə edəcəyi və s. məsələlərə daha çox aydınlıq gələcək. Bütün bu məsələlər bu il gündəmdə olacaq. Bu planların qlobal tempratur artımının 1,5 dərəcə Selsidən çox olmaması məqsəd göstəricisinə uyğunluğunu təmin etmək üçün vacib müzakirələr aparılacaq”, - C.Morqan söyləyib.

Maliyyə mexanizmləri məsələlərinə gəlincə, o, bütün dünyada iqtisadi transformasiyanın vacibliyini qeyd edib.

“Eyni zamanda, COP-a sədrlik düzgün istiqamətdə birgə hərəkət etmək üçün ölkələrlə yanaşı, beynəlxalq maliyyə təşkilatlarını da dialoqa cəlb etməlidir. İqtisadi sistemlərin transformasiyasına nail olmaq üçün biz maliyyə sistemini qalıq yanacaqlara investisiyalardan və qeyri-davamlı torpaq istifadəsindən bərpa olunan enerjiyə, enerji səmərəliliyinə, torpaqdan daha yaxşı istifadəyə, sənayenin karbondan təmizlənməsinə yönəltməliyik. “Yeni Ümumi Kəmiyyət Məqsədi” (New Collective Quantified Goal) bunun üçün çox vacibdir”, - dövlət katibi vurğulayıb.

“Beləliklə, hesab edirəm ki, 1,5 dərəcə Selsi hədəfinə doğru bu trayektoriya yaxşı yoldur, Azərbaycan COP28-də əldə edilmiş tərəqqini daha da genişləndirmək üçün BƏƏ ilə işləyə və hər bir ölkənin milli olaraq müəyyən edilmiş töhfə səviyyəsi üçün hədəflər müəyyən etmək məqsədilə Braziliyada keçiriləcək COP30 üçün zəmin yarada bilər”, - C.Morqan bildirib.