Korrupsioner Okampo: muzdlu hakim erməni lobbi və kilsəsi ilə sülhə qarşı - ŞƏRH

Korrupsioner Okampo: muzdlu hakim erməni lobbi və kilsəsi ilə sülhə qarşı - ŞƏRH

Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya prosesi üzrə aprelin 19-da əldə edilən ilk razılaşma erməni lobbisi və kilsəni hərəkətə keçirib. Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı səlib yürüşünə çıxan bu qüvvələr beynəlxalq havadarların dəstəyi ilə anti-Azərbaycan fəaliyyəti genişləndiriblər. Onlar bu dəfə Livanda bir araya gələrək rəsmi Bakını hədəfə alıblar, qarayaxma kampaniyalarına növbəti dəfə Beynəlxalq Cinayət Məhkəməsində (BCM) baş prokuror vəzifəsində çalışmış bədnam Luis Okamponu da qoşublar.

Ermənilərdən aldığı pullar Okamponu elə vəziy­yətə salıb ki, artıq gözü ayağının altını görmür. Pula hərisliyi ilə nam salan bu şəxsin adı ən çirkin, iyrənc qalmaqallarda hallanıb. O, bir neçə il öncə ofşor maliyyə fəa­liyyəti ilə bağlı suala cavabında bildirmişdi ki, Beynəlxalq Cinayət Məhkəmə­sindəki maaşı onun üçün kifayət et­mir. İndi də Livanda oturub ənənəvi ittihamını səsləndirib. İddia edib ki, Azərbaycan işğaldan azad edilən Qarabağda "etnik təmizləmə"lərə yol verib. Hətta Ermənistan belə Qarabağdan könüllü çıxan sakinlərə qarşı hər hansı bir zorakılıq və hücumları dilə gətirmədiyi halda, bu bədnam üçlük – kilsə, lobbi və onların muzdlusu - Okampo Azərbaycana qarşı hədyanlar yağdırıblar. Hədəf bəllidir - nəyin bahasına olursa-olsun Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə çalışmaq.

Kilsə və diasporun mövqeyi bəllidir. Ermənistanın üzləşdiyi fəlakətlərin ünvanı məhz bu iki təsisatdır. Hər ikisi İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına qarşıdır. Anlayırlar ki, Azərbaycanla Ermənistan arasında normallaşma onların nüfuzuna zərbə vurmaqla yanaşı, milyardlarla gəlirdən məhrum edəcək. Livanda keçirilən tədbirin də mahiyyəti bundadır.

Okampoya gəldikdə, yuxarıda qeyd etdiyimiz kimi, bu şəxsin fəaliyyəti hər kəsə bəllidir. O, Azərbaycan əleyhinə qərəzli hesabatlar hazırlamaqdan əvvəl prokuror işləyəndə ofşor hesablar yaratmaqda ad çıxarıb. Livanda keçirilən tədbirdə də ortaya heç bir fakt qoymadan rəsmi Bakıya qarşı hədyanlar yağdırıb. Canfəşanlığı o həddə olub ki, beynəlxalq gücləri Qarabağda baş verənlərə biganə yanaşmaqda da ittiham edib. Təsadüfi deyil ki, Livandakı tədbirdən sonra kilsə nümayəndələri ilə Okamponun görüşü baş tutub.

Digər bir məsələ tədbirin Livanda keçirilməsidir. Dəfələrlə məhz bu ölkədən Azərbaycana qarşı çirkin təbliğat aparılıb. Səfirliyimizə hücumlardan tutmuş terrorçuların hazırlanmasına qədər burada hər cür fəaliyyət aparılıb. Fransa ilə yanaşı, Livan anti-Azərbaycan qüvvələrin cəm olduğu mərkəz rolunu oynayıb.

Bütün fəaliyyəti maxinasiya və fırıldaqçılıq üzərində qurulan Okamponun ermənilərə dəstək verməsi də təsadüfi deyil. İstər Beynəlxalq Cinayət Məhkəməsində işlədiyi dövrdə, istərsə də sonrakı vaxtlarda onun adı şübhəli maliyyə maxinasiyalarında hallanıb. Bunlardan bəzilərinə nəzərə salaq;

Sabiq Liviya lideri Müəmmar Qəddafi rejimi ilə sıx əlaqələrə malik biznesmen Həsən Tatanaki ilə işbirliyi quran Okampo, “Financial Times”in yazdığına görə, bir milyon dollar alıb. Onun Tatanaki ilə əməkdaşlığının etik pozuntu olduğu bildirilmişdi. Okampo və onun həyat yoldaşının Karib hövzəsində ofşor şirkətləri olduğu müddətdə böyük miqdarda vəsait aldığı da məlum olub. Onun belə hesablarının olmasına verdiyi cavab isə təəccüblə qarşılanmışdı. Bildirmişdi ki, Argentina banklarına etibar etmədiyi üçün həmin hesablarda pul saxlayıb.

Okamponun adı MDB məkanında qalmaqallı məhkəmələrdə də hallanıb. Məsələn, o, Centros Commerciales Antei şirkəti vasitəsilə çirkli pulların yuyulmasında ittiham olunan Vladislav Reznikin müdafiə edib. Ermənistanla əlaqələri isə xüsusilə maraqlıdır. Onun Ermənistan və əlləri minlərlə azərbaycanlının qanına bulaşmış Qarabağ cinayətkarları ilə kifayət qədər uzun və yaxın münasibətləri olub. Hələ 2010-cu ildə BMC-nin prokuroru kimi o, 37-ci Beynəlxalq İnsan Hüquqları Federasiyasının Forumunda iştirak etmək üçün Ermənistana səfər edib. Orada həmin vaxt Ermənistan prezidenti olan Xocalı cəlladı Serj Sarkisyanla da görüşüb. Görünür, görüş onda çox güclü təəssürat yaradıb və yəqin ki, erməni lobbisinin maliyyə motivasiyası da onu gücləndirib.

Ermənilərin özlərinə müttəfiq və müdafiəçi qismində nüfuzu ləkələnmiş insanları tapmaq bacarığı artıq çoxdandır təəccüblü hal deyil. Bir neçə il əvvəl korrupsiya və cinsi təqibdə ittiham olunan bu şəxsin Gəncə və digər şəhərlərimizin bombalanmasına şəxsən əmr verdiyini etiraf edən, 44 günlük müharibə zamanı insanlıq əleyhinə cinayətlər törətmiş Araik Arutyunyanla sıx dostluq münasibətləri var. Onunla işbirliyi də olub. Bu barədə mediada da dəfələrlə yazılıb. Vaxtilə Araik məhz Okampodan Qarabağdakı vəziyyətə münasibət bildirməyi xahiş edib və bu, faktdır. Eks-prokuror da tapşırığı yerinə yetirib. Qarabağda mövcud vəziyyət barədə qərəzli hesabat dərc edib. Keçmiş prokurorun Qarabağda “humanitar fəlakət” yaşanması ilə bağlı yersiz iddiası hətta Qərb mediası tərəfindən təkzib olunmuşdu.

Beləliklə, beynəlxalq anti-Azərbaycan şəbəkə ölkəmizə qarşı növbəti hücuma start verib. Lakin bu dəfə Ermənistanın iştirakı olmadan. Ehtimal etmək olar ki, kampaniyanı başladanların cəhdləri uğursuz olacaq.