Fariz Əliyev: “Orta Dəhliz üzərindən dəniz daşımaları artıb”

Fariz Əliyev: “Orta Dəhliz üzərindən dəniz daşımaları artıb”

2023-cü ildə Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) üzərindən dəniz daşımaları artıb.

"Birxeber.Az" xəbər verir ki, bunu Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev "Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, hazırda Orta Dəhliz regional əməkdaşlıq çərçivəsində inkişaf edir: “Bu, strateji məqsədlər sayəsində reallaşıb, çünki səmərəli və dayanıqlı nəqliyyat sistemi təkbaşına reallaşa bilməz".

F. Əliyəv Azərbaycanın Orta Dəhlizin inkişafına töhfə verdiyini qeyd edərək, Avropa ilə Asiya arasında körpü rolu oynayan Azərbaycanın çox böyük tranzit imkanlarına malik olduğunu vurğulayıb: "Azərbaycan son 20 il ərzində nəqliyyat infrastrukturunun yenilənməsi üçün investisiyalar yatırıb. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu istiqamətdə olan ən əsas layihələrdəndir".

Şöbə müdiri hesab edir ki, Çinin dünyanın ən böyük iqtisadi gücü olan ölkələrdən biri olduğu üçün Azərbaycanın bu ölkədən öyrənəcəyi mühüm məqamlar var.

F. Əliyev qeyd edib ki, Azərbaycan Çinin "Bir kəmər, bir yol" təşəbbüsünü dəstəkləyib.