Şair Qulu Ağsəsin yaradıcılığına həsr olunmuş kitab çıxıb

Şair Qulu Ağsəsin yaradıcılığına həsr olunmuş kitab çıxıb

Tanınmış şair, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsin yaradıcılığına həsr olunmuş “Adı soyadını eşidən şair - Qulu Ağsəs” adlı kitab işıq üzü görüb.

Birxeber.Az xəbər verir ki, "Təhsil" nəşriyyatında çıxan kitabın müəllifi Bakı Slavyan Universitetinin dosenti, filoloq Kəmalə Umudovadır.

Kitabın məqsədi müasir Azərbaycan poeziyasının görkəmli imzalarından biri Qulu Ağsəsin yaradıcılıq prinsiplərini, estetik görüşlərini, bədii dillə ifadə etdiyi aksioloji dəyərlər sistemini anlamaq, təhlil etmək, onun şeir modelinin böyük ədəbiyyata səciyyəvi bədii strukturun ideya (məzmun) strukturu ilə vəhdətini önə çəkmək və əsərlərini oxucuya yaxınlaşdırmaqdır.

Kitab geniş oxucu kütləsinə - filoloqlara, jurnalistlərə, ali və orta təhsil müəssisələri müəllimlərinə, tələbələrə, doktorantlara və Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə maraqlananlara ünvanlanıb.

Kitabın redaktoru Sevinc Nuruqızı, dizayneri Firuzə İbrahimova, korrektoru Günel Məmmədovadır. Üz qabığında isə rəssam Ədalət Həsənin "Qulu Ağsəsin portreti" əsərindən istifadə edilib.

“Adı soyadını eşidən şair – Qulu Ağsəs” adlı kitabın rəyçiləri filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli və filologiya elmləri doktoru, professor Leyla İmaməliyevadır.