Füzuliyə köçürülən növbəti ailələrə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB-2

Füzuliyə köçürülən növbəti ailələrə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB-2

Bu gün Füzuliyə yola salınan ailələrin mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

“Report” xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 172 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 705 ailə, 2689 nəfərin daimi məskunlaşması təmin edilib.

11:55

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

“Report” xəbər verir ki, şəhərə çatan sakinlərin qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, bu mərhələdə Füzuliyə cəmi 39 ailə (172 nəfər) yola salınıb. Bakıdan 24 ailə (115 nəfər), Sumqayıt şəhərindən 5 ailə (22 nəfər), Füzuli rayonundan 4 ailə (10 nəfər), Beyləqandan 3 ailə (12 nəfər), Abşerondan 2 ailə (7 nəfər), Şamaxıdan 1 ailə (6 nəfər) bu gün Füzuliyə yola salınıb.

Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 31 ailə (144 nəfər) Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından səhər saat 07:00-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Füzuli RİH-nin nümayəndələri tərəfindən yola salınıb. Beyləqan, Füzuli və Şamaxı rayonlarında məskunlaşmış 8 ailə (28 nəfər) məskunlaşdıqları ərazidən yola salınıb və Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşularaq bir yerdə hərəkət edib.

Bununla da Füzuli şəhərinə 705 ailənin (2689 nəfər) yerləşdirilməsi təmin olunacaq.

06:30

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

“Report” xəbər verir ki, ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 22-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 172 nəfər köçürülür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 705 ailənin, yəni 2 689 nəfərin daimi məskunlaşması təmin edilib.

Gülər Seymurqızı, Ramin Şahbazov