Paralimpiadaya təyinat alan azərbaycanlı hakim: Qısa müddətdə yüksək səviyyəyə çatacağıma inanmırdım

Paralimpiadaya təyinat alan azərbaycanlı hakim: Qısa müddətdə yüksək səviyyəyə çatacağıma inanmırdım

2022-ci ildə A kateqoriyasına yüksəlmişəm. Qısa müddətdə yüksək səviyyəyə çatacağıma o qədər də inanmırdım.

Bunu "Report"a açıqlamasında Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarına təyinat alan Azərbaycanın cüdo hakimi Nazim Umbayev deyib.

Referi paralimpiadada iştirak etməyin şərəf və qürurverici olduğunu bildirib: "Burada ölkəmizi və Azərbaycan cüdosunu təmsil edəcəyəm. Buralara gəlmək üçün uzun illər lazım idi. Bu səviyyəyə çatmağımda Azərbaycan Cüdo Federasiyasının böyük əməyi, rolu və dəstəyi oldu".

Umbayev cüdoda dəqiqlik və düzgünlüyə önəm verildiyini diqqətə çatdırıb: "Parisdə olmağım paracüdoçularımıza sırf motivasiya baxımından təsir edə bilər. Amma başqa cür heç nə mümkün deyil. XXI əsrdə cüdo gündən-günə inkişaf edir. Bu idman növündə qərəzdən söhbət belə gedə bilməz".

Ədalət təmsilçisi növbəti hədəfinin 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına təyinat almaq olduğunu vurğulayıb.

Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək Fransada təşkil olunacaq. Cüdo yarışları 5-7 sentyabrda baş tutacaq.