Dövlət Turizm Agentliyi: Regionlarda qonaqlama müəssisələrinin artımına çalışırıq

Dövlət Turizm Agentliyi: Regionlarda qonaqlama müəssisələrinin artımına çalışırıq

Azərbaycanın regionlarında turizm sektorunun inkişafı ilə bağlı işlər görülür, hər regionin öz tələb və təklif imkanları öyrənilir.

"Apa-Economics" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyini Aparat Rəhbəri Kənan Qasımov deyib.

K.Qasımov bildirib ki, bunun üçün biznes subyektləri ilə işlər aparılır:

"Bəzi regionlarımızda kifayət qədər yaxşı infrastruktur qurulub. Amma bəzi regionlarda da ləngimələr var. Çalışırıq ki, turizm imkanları olan hər regionumuzda qonaqlama-yerləşdirmə müəssisələrinin sayının artırılmasına dair işlər görülsün. Biznes subyektlərini bu sahələrə investisiya qoymağa həvəsləndiririk. Dövlət də bu barədə stimullaşdırıcı tədbirləri davam etdirir".

O, ölkədə təbiət, şəhər turizmi və tarixi turizm imkanlarının genişləndirildiyini deyib:

"Daha çox niş turizm sahələri və ekstrimal idmal növləri üzrə olan turizm sahələrinin inkişafı, ölkəmizdə konfransların, böyük tədbirlərin keçirilməsi istiqamətində xüsusi addımlar atırıq. Növbəti illərdə bu sahələrdə kadrların artırılmasına ciddi ehtiyac olacaq. Təhsil müəssisələrinin də bu istiqamətdə işlərini daha sürətləndirməsini gözləyirik".

Əşrəf Mehdiyev