Xüsusi tapşırıqlar üzrə səfir: Hazırda qloballaşma və dövlət suverenliyinin qorunması arasında mübarizə gedir

Xüsusi tapşırıqlar üzrə səfir: Hazırda qloballaşma və dövlət suverenliyinin qorunması arasında mübarizə gedir

"Hazırda qloballaşma və dövlət suverenliyinin qorunması arasında mübarizə gedir".

APA-nın xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov Bakıda keçirilən "Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol" mövzusunda konfransda bildirib

O deyib ki, sözü gedən tədbir Azərbaycan-Çin qarşılıqlı maraqlarının müzakirəsi, eləcə də mövqelərin yaxınlaşdırılması baxımından çox önəmlidir:

"Azərbaycanla Çin arasındakı münasibətlərin yaratdığı imkanlar əsasən üç prinsip və indiyədək bu əlaqələrin daha da inkişafı üçün həyata keçirilən müxtəlif fəaliyyətlərə əsaslanır. Bunlardan birincisi Azərbaycan və Çinin qarşılıqlı adət-ənənələrə əsaslanır. İlk növbədə mən İpək yolunun bu münasibətlərin inkişafındakı rolunu qeyd etmək istəyirəm. Hazırda qloballaşma və dövlət suverenliyinin qorunması arasında mübarizə gedir. Bu mübarizədən qalib ayrılmağın yollarından biri müstəqilliyə hörmət, qarşılıqlı maraqlara dəyər verilməsi və dövlət siyasətinə uyğun addımların atılmasıdır. Dünyanın siyasi nəzəriyyəsinə baxdıqda, görürük ki, suverenlik məsələsi hər zaman beynəlxalq təzyiqlərdən qorunmalıdır".

Elşad İsgəndərov Azərbaycanın “Vahid Çin” prinsipini hər zaman dəstəklədiyini xatırladıb.

"Bizim mövqeyimiz ondan ibarətdir ki, beynəlxalq hüquqa əsasən hegemonluq qəbuledilməzdir. Azərbaycan eyni zamanda "İpək yolu" layihəsinin tərkib hissəsi olmaqla, bu layihənin təşviqini dəstəkləyir. "Bakı-Tbilisi-Qars layihəsi Azərbaycandan keçməklə, dünyaya müxtəlif təyinatlı yüklərin göndərilməsi baxımından çox böyük əhəmiyyətə malikdir. Əlbəttə ki, həyata keçirilən bu cür perspektivli layihələr beynəlxalq əməkdaşlıq yolunda geniş imkanlar açır. Mən hesab edirəm ki, hər iki ölkə mövcud əməkdaşlığı daha da inkişaf etdirmək əzmindədir", o deyib.