Nicat Abasov İddiaçılar Turnirini qələbəsiz başa vurub

Nicat Abasov İddiaçılar Turnirini qələbəsiz başa vurub

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində sonuncu görüşünə çıxıb.

“Report”un məlumatına görə, 28 yaşlı qrossmeyster XIV turda Rameşbabu Praqnanandha (Hindistan) ilə üz-üzə gəlib.

Ağ fiqurlar Abasova kömək olmayıb və o, ilk görüşdəki kimi rəqibinə uduzub. 14 turun nəticəsinə əsasən, N.Abasov 3,5 xalla sonuncu - 8-ci yeri tutub.

Hikaru Nakamura (ABŞ) - Dommaracu Qukeş (Hindistan), Vidit Santoş (Hindistan) - Əlireza Firuzca (Fransa), Yan Nepomnyaşi (FIDE) - Fabiano Karuana (ABŞ) görüşləri heç-heçə bitib.

Turnirinin qalibi 9 xalla Qukeş olub. Hərəyə 8,5 xal toplayan qrossmeysterlərdən Nakamura ikinci, Nepomnyaşi üçüncü, Karuana isə dördüncü yeri tutub.

Nepomnyaşi turnirdə bir dəfə də uduzmayan (3 qələbə, 11 heç-heçə) yeganə şahmatçıdır.

Qeyd edək ki, qadınlar arasında İddiaçılar Turnirinin qalibi 9 xalla Çin şahmatçısı Tan Çjunyi olub.