Almaniya su ehtiyatlarının idarə edilməsində Azərbaycanla əməkdaşlığa hazırdır

Almaniya su ehtiyatlarının idarə edilməsində Azərbaycanla əməkdaşlığa hazırdır

Almaniya su ehtiyatlarının idarə olunması sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır.

“Report” xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi, dövlət katibi Cennifer Morqan Bakıda bir qrup jurnalistlə görüşündə deyib.

Onun sözlərinə görə, su ehtiyatlarının idarə edilməsi ilə bağlı problemlər hər iki ölkə üçün ümumidir: yayda güclü yağışlar və ya quraqlıq həm Azərbaycan, həm də Almaniya üçün öz mənfi nəticələrini göstərir.

“Almaniya Azərbaycan kimi ölkələrlə bilik və təcrübə mübadiləsi aparmağa və məsələn, su ehtiyatlarının idarə edilməsi, enerji sahəsində birgə həll yolları tapmağa çalışmağa hazırdır. O cümlədən Almaniya öz məqsədlərinə nail olmaq – həyata keçirilməli olan siyasətlər, yeni sənayelərdə işçi qüvvəsinin artırılması və qalıq yanacaqlardan imtina ilə işçi qüvvəsinin bir sahədən digərinə keçidinə kömək etmək baxımından təcrübəyə malikdir və bunu da bölüşməyə hazırdır”, - C.Morqan bildirib.

O bildirib ki, Almaniya kömürdən mərhələli şəkildə imtina üzərində işləyir, buna görə də keçidin təmin olunması təcrübə mübadiləsi edilə biləcək sahədir.