ABŞ-də sərvətindən imtina edib küçədə yaşayan milyonçunun sərgüzəşti uğursuz olub

ABŞ-də sərvətindən imtina edib küçədə yaşayan milyonçunun sərgüzəşti uğursuz olub

ABŞ-də sərvətindən imtina edib küçədə yaşayan milyonçu Mayk Blekin qeyri-adi sərgüzəşti yarımçıq qalıb.

Bu barədə “Birxeber.Az” xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, sıfırdan başlayaraq “12 ayda 1 milyon dollar qazana bilərəm” deyən milyonçunun yoxsulluq təcrübəsi xoşagəlməz sonluqla bitib. Belə ki, zəhmətin gücünü göstərmək üçün sosial eksperimentini yutubda paylaşan milyonçu istədiyi məbləği qazana bilməyib. Blek yutubdakı kanalında evsiz qaldığı günlərlə bağlı maraqlı videolar yayımlayıb.

"Bir çox insan pandemiya zamanı hər şeyini itirdi və depressiyaya düşdü. Bir gecədə 10 milyon dollar itirən dostum var. Onlara ümid vermək istəyirəm”, - o deyib. Küçələrdə dilənən və müvəqqəti işlərdə çalışaraq pul toplamağa çalışan gənc uzun müddət ac və susuz qaldığını əks etdirən videolar paylaşıb.

Blek üç ay ərzində kirayə ev tutmağa müvəffəq olub və sahibkarlıq ruhu ilə sosial mediadan pul qazanmağa başlayıb.

Blekin təcrübəsi xəstəliyi səbəbindən qısamüddətli olub. O, küçələrdə yaşamağın çətinliyi və pulsuz qalması səbəbindən xəstələndikdən sonra evsizlik macərasına son qoyduğunu açıqlayıb.

Xroniki yorğunluq və müxtəlif xəstəliklər nəticəsində layihəsini 2 ay tez bitirən Blek xəstəxanaya düşüb. Təcrübənin düşündüyündən də çətin olduğunu etiraf edən gənc, küçədə yaşamağın həyatının ən ağır təcrübəsi olduğunu, bəzən içməyə su belə tapmadığını bildirib.

O, 1 milyon dollar qazanmaq hədəfinə nail ola bilməsə də, 10 ayda 64 min dollar qazana bilib.