Azərbaycan Dünya Bankı ilə əməkdaşlığın potensial istiqamətlərini nəzərdən keçirib - YENİLƏNİB

Azərbaycan Dünya Bankı ilə əməkdaşlığın potensial istiqamətlərini nəzərdən keçirib - YENİLƏNİB

Azərbaycan Dünya Bankı ilə ölkənin inkişaf prioritetlərini, əməkdaşlığın genişləndirilməsi istiqamətlərini, Ölkə Tərəfdaşlıq Çərçivəsi sənədində əks olunacaq məsələlər və COP29-un Azərbaycanda təşkilini müzakirə edib.

“Birxeber.Az” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştallmaysterlə keçirdiyi görüşdə aparılıb.

Dünya Bankı ilə çoxistiqamətli əlaqələrin və səmərəli əməkdaşlığın əhəmiyyətini vurğulayan iqtisadiyyat naziri investisiya mühitinin təkmilləşdirilməsi, dövlət-özəl sektor tərəfdaşlığı, innovasiyalar, idarəetmə texnologiyalarının inkişafı, sahibkarlığın dəstəklənməsi və digər sahələr üzrə uğurlu tərəfdaşlığı qeyd edib.

Ş. Ştallmayster təmsil etdiyi beynəlxalq qurumun Azərbaycanla əməkdaşlığa önəm verdiyini, ölkəmizin inkişaf prioritetlərinə nail olunmasında Dünya Bankının dəstəyini davam etdirəcəyini vurğulayıb.

Görüşdə Dünya Bankı Qrupu tərəfindən hazırlanacaq qısa və uzunmüddətli perspektivdə Azərbaycanın inkişaf prioritetləri və planlarını əks etdirən yeni Ölkə Tərəfdaşlıq Çərçivəsi sənədində əks olunacaq əsas strateji istiqamətlər təqdim edilib. Sənəd Dünya Bankı ilə əməkdaşlığın genişləndirilməsi məqsədilə hazırlanmış Yol Xəritəsi ilə uyğunlaşdırılmaqla regional və qlobal çağırışlara töhfə verəcək, eləcə də özəl sektorun inkişafını gücləndirmək və özəl kapitalı səfərbər etmək imkanlarını müəyyən edəcəkdir.

15:19

Azərbaycan Dünya Bankı ilə ikitərəfli əməkdaşlığın potensial istiqamətlərini nəzərdən keçirib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

“Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Ştefani Ştalmeysterlə Azərbaycan üzrə hazırlanan Ölkə Tərəfdaşlıq Çərçivə Sənədində nəzərdə tutulmuş məsələləri, ölkəmizin iqtisadi inkişaf prioritetləri istiqamətində həyata keçirilən tədbirləri və ikitərəfli əməkdaşlığın potensial istiqamətlərini nəzərdən keçirdik”, – nazir bildirib.