İngiltərə Kuboku: “Mançester Siti” finala çıxıb

İngiltərə Kuboku: “Mançester Siti” finala çıxıb

İngiltərə Kubokunun yarımfinal mərhələsində “Çelsi”ni minimal hesabla yenən “Mançester Siti” turnirin finalına vəsiqə qazanıb.

“Birxeber.Az” xəbər verir ki, Maykl Oliverin idarə etdiyi matç Londondakı “Uembli” stadionunda baş tutub.

Oyunun 84-cü dəqiqəsində “şəhərlilər”in oyun qurucusu Kevin De Bröyne qapıya paralel ötürmə edib, “zadəganlar”ın qapıçısı Corce Petroviç ayağı ilə müdaxilə etsə də, topu birbaşa “Siti”nin portuqaliyalı yarımmüdafiəçisi Bernardu Silvaya qaytarıb, o isə topu yaxın küncə göndərərək matçda yeganə qolun müəllifi olub.

Beləliklə, “Mançester Siti” İngiltərə Kubokunun finalına yüksəlib və burada “Koventri Siti” – “Mançester Yunayted” cütünün qalibi ilə qarşılaşacaq. “Çelsi” isə turnirdə iştirakını başa vurub.

Kubokun 1/4 final mərhələsində “Mançester Siti” “Nyukasl Yunayted”ə 2:0 hesabı ilə qalib gəlib. Həmin qarşıdurmada da qolları Bernardu Silva vurub.