Vaşinqtonda COP29-un Rəyasət Heyətinin ev sahibliyi ilə yüksək səviyyəli görüş keçirilib

Vaşinqtonda COP29-un Rəyasət Heyətinin ev sahibliyi ilə yüksək səviyyəli görüş keçirilib

ABŞ-nin Vaşinqton şəhərində COP29 Rəyasət Heyətinin ev sahibliyi, Beynəlxalq Maliyyə Fondu və Dünya Bankının birgə təşkilatçılığı ilə COP29 Prezidentliyi tərəfindən "İqlim maliyyəsi üçün qlobal fəaliyyətin təmin edilməsi üzrə dialoq" mövzusunda tədbir keçirilib.

"Birxeber.Az"un ABŞ bürosu xəbər verir ki, görüşdə qlobal maliyyə institutları, özəl sektor liderləri, Dünya Bankının tərəfdaşları, Rokfeller Fondu, Afrika Maliyyə Korporasiyası, Afrika İnkişaf Bankı, Asiya İnkişaf Bankı, COP28 və COP30 prezidentliyinin nümayəndələri olmaqla, yüzdən çox yüksək səviyyəli iştirakçı iştirak edib.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev çıxışında bildirib ki, iqlimlə bağlı bütün səylərin dəstəklənməsində maliyyə mühüm rol oynayır və Azərbaycan iqlim maliyyəsini daha geniş miqyasda əlçatan etmək üçün bu qurumlarla iş birliyini daha da sürətləndirməyi hədəfləyir.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Simon Stiell, Barbadosun Baş naziri Mia Mottli tədbirdə xüsusi qonaq qismində çıxış edib. "Bezos Earth" Fondunun Davamlı Maliyyə, Sənaye və Diplomatiya üzrə direktoru Pol Bodnar çıxışında xeyriyyəçiliyin iqlim maliyyəsi sahəsində irəliləyişdə oynadığı vacib rolu qeyd edib.

Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev iqlim üzrə maliyyənin hazırkı miqyasının kifayət etmədiyini söyləyib. "1,5 ºC-yə gedən yol Bakıdan keçir. Bu, asan həll yolu deyil. Biz inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr, qlobal Cənub və qlobal Şimal arasında, ada və qitə ölkələri arasında inam yaratmalıyıq. COP29-da hər kəsin səsinin eşidildiyi mühitin yaradılmasını təmin etməyəkdə qərarlıyıq".