Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi şərti yanğın təlimi keçirib

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi şərti yanğın təlimi keçirib

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə İdarələri Naxçıvan şəhərində yerləşən “Bazar” MMC ticarət mərkəzində təlim keçirib.

Birxeber.Az-nın Naxçıvan bürosu xəbər verir ki, təlim “şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının ticarət mərkəzinin həyətinə və ona yaxın fərdi yaşayış evlərinə yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə reallaşdırılıb.

Təlimin keçirilməsində məqsəd yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların ticarət mərkəzinin həyətinə və ona yaxın fərdi yaşayış evlərinə daxil olması zamanı süni maneələr olmasına, şəxsi nəqliyyat vasitələrinin müvafiq qaydalar uyğun park edilməsinə baxış keçirməkdən və ərazidəki “yanğına” qarşı əməliyyat şəraitinin qiymətləndirilməsindən ibarət olub.

Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi və süni maneələr səbəbindən yanğın avtomobillərinin ticarət mərkəzinin həyətinə və ona yaxın fərdi yaşayış evlərinə sərbəst şəkildə yaxınlaşa bilmədiyi müəyyən olunub.

Bundan əlavə, binanın qəza-işıqlandırma sisteminin olmadığı, elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə cavab vermədiyi və yanğın xəbərverici siqnalizasiya qurğusunun işlək vəziyyətdə olmadığı da müəyyən edilib.

Nəzərə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı texnikaların ticarət mərkəzinin həyətinə və ona yaxın fərdi yaşayış evlərinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunan yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.

Qeyd olunan nöqsanların aradan qaldırılması barədə ticarət mərkəzinin yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı “tapşırıqlar” verilib, satıcılarla yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparılıb.