Aşağı Əskipara kənd sakini: Niyyət etmişəm ki, kəndimizə piyada gedib, torpağından öpəcəyəm

Aşağı Əskipara kənd sakini: Niyyət etmişəm ki, kəndimizə piyada gedib, torpağından öpəcəyəm

Niyyət etmişəm ki, kəndimizə piyada gedəcəyəm, çatan kimi torpağından öpəcəyəm.

Bunu "Report"un Qərb bürosuna açıqlamasında ötən gün Ermənistanla əldə edilən razılaşma əsasında Azərbaycana qaytarılması nəzərdə tutulan Qazax rayonunun Aşağı Əskipara kənd sakini Front Həsənov deyib.

Onun sözlərinə görə, Qazaxın 4 kəndinin qaytarılması xəbərini eşidəndə bir neçə dəqiqə həyəcandan səsi tutulub:

"Müharibə zamanı məcburi kəndimizi tərk etdik. Sonralar biz Qazax şəhərində yaşadıq. Rayonda dövlətimiz tərəfindən məcburi köçkünlər üçün salınan qəsəbədə bizə ev verdilər. İllərdir kəndimizə qayıtmaq arzusu ilə burada yaşayırdıq”.

O, Vətən müharibəsindən sonra işğaldan azad olunan torpaqları görəndə öz kəndinin də bir gün mütləq geri qaytarılacağına əmin olub.

“Hər gün xəbərlərə baxıb, Qazaxın işğalda olan kəndlərinin qaytarılacağı xəbərini gözləyirdim. Şükürlər olsun ki, bu gün həmin xəbərin sevincini yaşayıram”, - sakin söyləyib.

F.Həsənov əmin olub ki, Prezident İlham Əliyev Qazaxın kəndlərini geri qaytaracaq: “Mən və ailə üzvlərim, kəndçilərim, hamımız ondan çox razıyıq”.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.