Addım - addım sülhə doğru: Proses Qazaxdan başlandı - ŞƏRH

Addım - addım sülhə doğru: Proses Qazaxdan başlandı - ŞƏRH

Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyalarının aprelin 19-da baş tutan səkkizinci görüşünün nəticələri nəinki regional, həm də beynəlxalq əhəmiyyətli oldu.

Belə ki, nəticələr əsasına ən diqqətçəkən məqam Qazaxın Ermənistan tərəfindən işğal olunan dörd kəndinin Azərbaycana qaytarılması barədə razılığın əldə olunmasıdır. Ona əsasən dörd qeyri-anklav kəndi - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı Azərbaycana qaytarılır. Razılığa əsasən delimitasiya prosesinin məhz həmin ərazilərdən başlanması nəzərdə tutulur.

Öncə onu deyək ki, bu kəndlər 90-cı illərin əvvəllərində ermənilərin işğal etdiyi ilk yaşayış məntəqələri olub. Ermənilər həmin ərazilərdə ciddi vandallıqlar törədiblər. Bu mənada sərhədlərin müəyyənləşməsi prosesinin məhz həmin yerlərdən başlanması xüsusi əhəmiyyətə malikdir. Şübhəsiz ki, bu prosesin davamı da gələcək və işğal altındakı daha dörd kənd də danışıqlar yolu ilə Azərbaycana veriləcək.

Ümumiyyətlə, rəsmi Bakı həmişə proseslərin diplomatik yolla həllində maraqlı olub. Əgər Ermənistan vaxtında Azərbaycanın uzatdığı əli tutsa idi, Cənubi Qafqazda sülh və sabitlik çoxdan təmin olunardı. Amma rəsmi İrəvan zaman-zaman destruktiv ritorika sərgiləyib ki, bu da proseslərin inkişafında əlavə çətinliklər yaradıb.

Qarşı tərəfin müxtəlif vaxtlarda nümayiş etdirdiyi aqressiv ritorikanın, sülhdən yayınma prosesinin arxasında hansı qüvvələrin dayandığı çoxlarına məlumdur. Belə ki, Qərb, o cümlədən Fransa Cənubi Qafqazda təsir imkanlarını gücləndirmək üçün uzun müddətdir Ermənistandan istifadə etməyə çalışır. Qərb dairələri bölgədəki “rıçaq”larını qorumaq məqsədilə gərginliyin davam etməsinə çalışırlar. Çünki sülh və sabitlik üçüncü güclərin bölgəyə müdaxiləsinin qarşısının alınması deməkdir.

Təsadüfi deyil ki, Qərb dövlətləri uzun müddət Azərbaycanın guya Ermənistana hücum etməyə hazırlaşmasına dair məlumat yayırdılar. Onlar bu yolla əslində növbəti provokasiyalara zəmin yaradırdılar.

Amma Qazaxın kəndlərinin diplomatik yolla azad olunması ilə Qərb güclərinin təbliğat və təxribat cəhdləri bir daha ifşa olundu. Azərbaycan ABŞ və Avropa İttifaqının Qazaxın kəndləri ilə bağlı məsələyə qarışmasına imkan vermədi. Bakı və İrəvan qarşılıqlı anlaşma şəraitində məsələni həll etdilər.

Bu, o deməkdir ki, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması üçün Qərbin bölgədən uzaq durması vacibdir. Neoimperialist dairələr nə qədər proseslərdən uzaq dayansalar bölgədə sülh və sabitlik bir o qədər tez təmin olunar. Bunu Ermənistan hakimiyyəti də başa düşməli və başqalarının əlində alət olmaqdan imtina etməlidir. Çünki indi Cənubi Qafqazda sülh ən çox İrəvanın özünə lazımdır.

Qeyd etdiyimiz kimi, Qazaxın kəndlərinin qaytarılması əslində beynəlxalq əhəmiyyətli məsələdir. Çünki beynəlxalq aktorların hər biri Cənubi Qafqazdakı prosesi diqqətlə izləyir və baş verənlərə öz maraqları konteksindən yanaşırlar.

Kəndlərin qaytarılması ilə bağlı ilk beynəlxalq reaksiya ABŞ Dövlət Departamentindən gəldi. Belə ki, dövlət katibi Antoni Blinken özünün “X” hesabında prosesi alqışladığını bildirdi: “Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları barədə açıqlamalarını alqışlayırıq. Bu, davamlı və ləyaqətli sülh sazişinin bağlanması yolunda mühüm addımdır”.

Rəsmi Vaşinqtonun prosesə ilk münasibət bildirənlərdən biri olması, zənnimizcə, təsadüf deyil. ABŞ bununla Azərbaycan və Ermənistana, həmçinin digər beynəlxalq oyunçulara göstərmək istəyir ki, o, proseslərdən kənarda deyil.

Ancaq Ağ Evin səmimiliyi sual altındadır. ABŞ bu prosesi istəsə idi, münasibətlərin normallaşmasına çoxdan töhfə verərdi.

Dörd kəndin dinc yolla Azərbaycana qaytarılması bir daha onu göstərdi ki, rəsmi Bakının öz işini həll etməsi üçün kimsənin vasitəçiliyinə ehtiyacı yoxdur. Mümkündür ki, ABŞ, Fransa kimi güclər bundan sonra da “suları bulandırmağa” çalışsalar. Lakin nəzərə almaq lazımdır ki, Ermənistan və Azərbaycan addım- addım sülhə doğru yaxınlaşır. Kəndlərin qaytarılması bu prosesə növbəti töhfədir.

Rəsmi Bakı ilə İrəvanın mövqeləri tədricən yaxınlaşır. Bu, gələcəkdə digər kəndlərin də işğaldan azad olunacağına və Ermənistanın Azərbaycanın şərtlərinə uyğun formada sülh sazişini imzalayacağına ümidi artırır.