Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib

Yaz mövsümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, aprel ayının 20-də paytaxtda növbəti ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçirilib.

"Birxeber.Az"a BŞİH mətbuat xidmətindən verilən məlumata əsasən, kommunal təsərrüfat xidmətlərinin texnikası səhər saatlarından əsas küçə və prospektlərin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını aparıb, xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulmasını həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb.

BŞİH-in çağırışına qoşulan ictimai-iaşə, ticarət və digər obyektlərin əməkdaşları da iməcilikdə yaxından iştirak edərək öz obyektlərinin vitrinlərini təmizləyib, ətrafında səliqə-sahman yaradıblar. Eyni zamanda müəssisə, idarə və təşkilatların kollektivləri, şəhər sakinləri də bu iməcilikdə fəal şəkildə iştirak ediblər.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, mövsümlə əlaqədar ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib və təbii gübrələr verilib. Eyni zamanda, şəhər ərazisində Abşeron iqliminə uyğun yeni ağaclar, kollar, güllər əkilir, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılır, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılır.

Həmçinin Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərancamının icrası ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə paytaxtın Qaradağ rayonunda növbəti ağacəkmə aksiyası keçirilib. Aksiyada yerli iqlim şəraitinə uyğun olaraq seçilmiş 400 ədəd yeni ağac əkilib. Ağacəkmə aksiyaları paytaxtın digər rayonlarında da keçirilib.