AzTU-nun nizamnamə fondunun həcmi açıqlanıb

AzTU-nun nizamnamə fondunun həcmi açıqlanıb

Azərbaycan Texniki Universitetinin (AzTU) nizamnamə fondunun həcmi açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Texniki Universitetinin Nizamnaməsində əksini tapıb.

Sənəddə AzTU-nun nizamnamə fondu 29 milyon 461 min 643 manat səviyyəsində müəyyən olunub.

Qeyd edilib ki, universitetin əmlakı nizamnamə fondundan, təsisçinin ona verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, o cümlədən ödənişli təhsildən əldə edilən vəsaitdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunda nəzərdə tutulan digər vəsaitdən formalaşdırılır.

Universitetin balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətləri “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Universitet ona verilmiş əmlakdan yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Universitetin əmlakından təhsildənkənar məqsədlər üçün istifadə edilməsi qadağandır.

Nizamnamənin 5.3-cü bəndi nəzərə alınmaqla, Universitet əmlakı üzərində sahiblik və istifadə hüquqlarını məqsədlərinə uyğun olaraq sərbəst, sərəncam vermək hüququnu isə Nazirliklə razılaşdırmaqla həyata keçirir.

Universitet mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Universitetin əmlakının idarə edilməsi ilə bağlı fəaliyyətinə nəzarəti Nazirlik və yaxud Nazirliyin səlahiyyət verdiyi şəxs həyata keçirir.

Universitetin maddi-texniki bazası və təhsil infrastrukturu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq normativlərə uyğun olmalıdır.

Qeyd edək ki, Baş nazir Əli Əsədovun imzaladığı qərarla “Azərbaycan Texniki Universitetinin Nizamnaməsi” təsdiqlənib.