Dörd kəndin qaytarılmasına dair razılıq Qərb dövlətlərinin qərəzli təbliğatını ifşa etdi – RƏY

Dörd kəndin qaytarılmasına dair razılıq Qərb dövlətlərinin qərəzli təbliğatını ifşa etdi – RƏY

Azərbaycanla Ermənistan arasında dörd kəndin qaytarılmasına dair əldə olunan razılıq Fransa başda olmaqla, Qərb dövlətlərinin qərəzli təbliğatını ifşa etdi.

Bunu “Report”a açıqlamasında Qazax rayonunun erməni işğalında olan dörd kəndinin Azərbaycana qaytarılmasını dəyərləndirən Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O bildirib ki, Azərbaycanla Ermənistan arasında əldə edilən razılaşma delimitasiya istiqamətində atılan ilk mühüm addımdır:

“44 günlük müharibədə qazanılan qələbə, 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası, rusiyalı sülhməramlıların bölgədən çıxarılmasından sonra dörd qeyri-anklav kəndin qaytarılması Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa növbəti hədiyyəsidir. Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının səkkizinci görüşündə əldə olunmuş razılıq delimitasiya istiqamətində atılan ilk mühüm addımdır. Delitimasiyanın məhz bu istiqamətdən başlaması da Azərbaycanın təkidi ilə baş verib”.

Millət vəkilinin sözlərinə görə, bu anlaşma Qərb dövlətlərinin regiondakı proseslərdən kənarda dayanmalarının zəruriliyini bir daha təsdiqlədi:

“Bu razılaşma Azərbaycanın guya Ermənistana hücum etməyə hazırlaşmasına dair Fransa və digər Qərb dövlətlərinin təbliğatını da ifşa etdi. Azərbaycan ABŞ və Avropa İttifaqının bu məsələlərə müdaxiləsinə imkan vermədi, Ermənistan və Azərbaycan birgə qarşılıqlı anlaşma şəraitində, vasitəçisiz bu məsələni həll etdilər. Bir daha sübut olundu ki, Qərb dövlətləri bu proseslərdən nə qədər uzaq dayansalar, Cənubi Qafqazda sülh və əmin-amanlıq o qədər tez təmin olunacaq”.

K.Nurullayeva qeyd edib ki, Ermənistanın yersiz cəhdlərinə baxmayaraq, məsələ Azərbaycanın Prezidentinin istədiyi kimi oldu:

“Dörd qeyri-anklav kəndin bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılması Azərbaycanın və Prezident İlham Əliyevin növbəti qələbəsidir. Prezident İlham Əliyev qeyri-anklav kəndlərin qaytarılması məsələsini 2020-ci ildən qaldırmışdı və bu müddət ərzində mövzu daim gündəlikdə idi. Dövlət başçımız bəyan etmişdi ki, anklav olmayan dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır: “O kəndlər ki, anklav kəndlərdir, - çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, - həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalı və müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalı və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir”.

Rəsmi Bakının mövqeyi hər zaman belə olub. Lakin Ermənistan zaman-zaman qeyri-müəyyən mövqe sərgiləyərək, gah “güzgü şəklində geri çəkilmə”dən, gah otuz bir kənd iddiasından danışırdı. Lakin zaman göstərdi ki, Ermənistanın Qərbdəki havadarlarının diktəsi ilə nə deməsindən asılı olmayaraq, məsələ Azərbaycan Prezidentinin söylədiyi kimi oldu”.

Deputat əlavə edib ki, regionda sabitliyin təmin edilməsini istəməyən qüvvələr Cənubi Qafqazın rahat nəfəs almasına mane olmamalıdır:

“Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər bizdən əl çəksinlər. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın”.