Pərviz Şahbazov: "Azərbaycanda “yaşıl enerji” sahəsinə sərmayələrin cəlbi üçün investisiya forumları keçiriləcək" -YENİLƏNİB

Pərviz Şahbazov: "Azərbaycanda “yaşıl enerji” sahəsinə sərmayələrin cəlbi üçün investisiya forumları keçiriləcək" -YENİLƏNİB

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkdaşlığın təşviqı məqsədilə investisiya forumları keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının prezidenti Denis Frensis ilə keçirtdiyi görüşdə bildirib.

Görüşdə Azərbaycanla BMT əlaqələrinin inkişafı, “Dayanıqlı İnkişaf Məqsədləri”nin yerinə yetirilməsi və COP29 çərçivəsində əməkdaşlıq müzakirə edilib.

P. Şahbazov neft-qaz resursları ilə regionda və dünyada enerji təchizatında mühüm rol oynayan Azərbaycanın hazırda “yaşıl enerji” keçidi ilə bağlı ciddi addımlar atdığını bildirib. COP 29 zamanı Azərbaycanın təcrübə və təşəbbüslərini beynəlxalq enerji ictimaiyyəti ilə bölüşməklə yanaşı, iqlim və “yaşıl enerji” öhdəliklərinin yerinə yetirilməsi üçün maliyyələşmə üzrə mühüm nəticələrin əldə edilməsinə fokuslandığı diqqətə çatdırılıb.

BMT Baş Assambleyasının ilk dəfə keçirilən Dayanıqlılıq Həftəsində Azərbaycanın təmsil olunmasına görə təşəkkürünü bildirən prezident Denis Frensis isə iqtisadiyyatın transformasiyası, dayanıqlı inkişaf və “yaşıl enerji” sahəsində Azərbaycanın səylərini yüksək qiymətləndirib. Baş Assambleyanın prezidenti enerj keçidinin “Dayanıqlı İnkişaf Məqsədləri”nin bir çoxu üzrə irəliləyişlərə təkan verdiyini vurğulayaraq bu xüsusda beynəlxalq əməkdaşlığın vacibliyini bildirib. COP29-a ev sahibliyinə görə Azərbaycanı təbrik edən Denis Frensis Azərbaycanın zəngin təcrübəsinin bu tədbirin uğurla keçirilməsinə, qlobal iqlim və “yaşıl enerji” məqsədlərinə töhfə verəcəyinə inamını ifadə edib.

Görüşdə ikitərəfli və COP çərçivəsində əməkdaşlığın digər aspektləri ətrafında da fikir mübadiləsi aparılıb.

09:34

Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində əməkdaşlığa dair müzakirələr aparıb.

"Report" xəbər verri ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Nyu-Yorkda BMT Baş Assambleyasının prezidenti Denis Frensis ilə görüşdük. Azərbaycan-BMT əlaqələrinin müxtəlif platformalarda inkişafı, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası,istiqamətində əməkdaşlığa dair faydalı müzakirələr apardıq”,- nazir qeyd edib.