Qafqaz Albaniyasına həsr olunan beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Qafqaz Albaniyasına həsr olunan beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Qafqaz Albaniyasına həsr olunan beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər.

Bu barədə "Report"a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, aprelin 19-20-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu, Azərbaycan–Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası (SEBA) və Alban-udi xristian icmasının birgə təşkilatçılığı ilə “Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” mövzusunda XI Beynəlxalq elmi konfrans keçirilir. Konfransın keçirilməsində məqsəd dünya albanşünaslığının görkəmli nümayəndələrini bir araya gətirməklə səmərəli elmi müzakirələr aparılacaq.

Aprelin 19-da konfrans iştirakçılarının Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfəri təşkil edilib. Səfər çərçivəsində ermənilərin işğal dövründə özününküləşdirməyə çalışdığı və erməni irsinin nümunəsi kimi təbliğ etdikləri Azərbaycan abidələrindən biri Ağ xaç kilsəsi ziyarət olunub. Qonaqlara məlumat verilib ki, Qarabağda yerləşən və Azərbaycan xalqının maddi-mədəni, tarixi-dini irs nümunələrindən olan Ağ xaç kilsəsi Hadrut qəsəbəsi ilə Çinarlı kəndi arasında hündür təpə üzərində yerləşir. Ağ xaç kilsəsi burada vaxtilə mövcud olmuş monastırın baş kilsəsidir. İnşa tarixi məlum olmasa da, ərazidəki bir sıra kitabələr hələ IX əsrdə bu kilsənin fəaliyyətdə olduğunu təsdiqləyir.

Konfrans iştirakçıları daha sonra Tuğ kəndindəki Qafqaz Albaniyası dövrü abidələri ilə tanış olublar. Onlara məlumat verilib ki, Tuğ kəndi Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidlərindən biridir. Qarabağın ən qədim tarixə və mədəniyyətə sahib kəndlərindən olan Tuğun adı Azərbaycan tarixinə dair V-VIII əsrlərin mənbələrində çəkilir. Ermənistan silahlı qüvvələrinin işğalı dövrü bu toponimin ermənilər tərəfindən dəyişdirilməsi mümkün olmayıb. Diqqətə çatdırılıb ki, tarixi baxımdan Tuğ kəndi olduqca zəngin ərazidir. Burada Ki-Tış qalası, Qafqaz Albaniyası dövrü abidələri və 50-dən çox tarixi əhəmiyyətli memarlıq abidəsi var.

Aprelin 20-də isə konfrans öz işinə başlayacaq.

Qafqaz Albaniyasının etnoarxeologiyasını, tarixi abidələrini və yazılı mənbələrini əhatə edən konfransda “Qafqaz Albaniyasının tarixi coğrafiyası və arxeologiyası”, “Qafqaz Albaniyasının daxili vəziyyəti. Beynəlxalq əlaqələr və xarici siyasət”, “Qafqaz Albaniyasında yazı, din və mədəniyyət”, “Qafqaz Albaniyasının əhalisi və varisləri” mövzusunda bölmə iclaslarında müzakirələr aparılacaq. Bölmə iclaslarında Türkiyə, Qazaxıstan, Özbəkistan, Cənubi Koreya, Rusiya, Polşa, İtaliya, Gürcüstan, Almaniya, Fransa, Kanada, ABŞ və Litvadan olan albanşünas mütəxəssislərin məruzələri dinləniləcək. Konfrans hibrid formatda Azərbaycan, ingilis və rus dillərində keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Qafqaz Albaniyasının tarixi və etnik-mədəni irsinin sistemli tədqiqi üzrə dünyada əsas tədqiqat mərkəzi rolunu oynayır. Qafqaz Albaniyası min ilə yaxın müddətdə regionun həyatında mühüm yer tutmuş, özündən sonra mühüm tarixi irs qoymuşdur. Bu irsin hərtərəfli tədqiqi nəticəsində albanşünaslıq elm sahəsi yaranmış və bu gün də inkişaf etməkdədir. Azərbaycan Respublikası zəngin Alban etno-mədəni irsinin, Qafqaz Albaniyasının antik və erkən orta əsrlərə aid mədəniyyətinin və bu ərazidə sonrakı əsrlərdə yaşamış etnoslar tərəfindən yaradılan bütün tarixi və dini irsin birbaşa tarixi varisi və qoruyucusudur. Albanşünaslığın tarix, arxeologiya, antropologiya, etnologiya, dilçilik, memarlıq və incəsənət sahələrində vacib problemlərinin araşdırılması, Alban etno-mədəni irsinin saxlanması və müdafiə edilməsi ölkəmizin multikulturalizm siyasətinin vacib istiqamətlərindən biridir.