Mikayıl Cabbarov: "Uğur yolu" müsabiqəsi yüksək potensiala malik kadrları müəyyənləşdirir" -YENİLƏNİB

Mikayıl Cabbarov: "Uğur yolu" müsabiqəsi yüksək potensiala malik kadrları müəyyənləşdirir" -YENİLƏNİB

İqtisadiyyat Nazirliyində insan kapitalının inkişafı məqsədilə təşkil edilən üçüncü "Uğur yolu" müsabiqəsinin final mərhələsi keçirilib.

Bu barədə “Report”a nazirlikdən bildirilib.

Nazir Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının finalçılarını təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Nazir müsabiqənin yüksək intellektual potensiala malik kadrların müəyyənləşdirilməsinə və karyera irəliləyişinə əhəmiyyətli töhfə verdiyini vurğulayaraq, indiyədək keçirilmiş iki müsabiqənin bu platforma üzrə qarşıya qoyulan məqsədlərə çatmaqda uğurlu təcrübə olduğunu qeyd edib.

Tədbirdə müsabiqə qaliblərinin fərdi inkişaf proqramları, müxtəlif treninqlər, mentorluq proqramlarına cəlb edildiyi və bütövlükdə layihənin əməkdaşların bilik və bacarıqlarını, peşəkar vərdişlərini artırdığı diqqətə çatdırılıb. “Uğur yolu” iştirakçıları, eləcə də nazirliyin digər əməkdaşları ABŞ-ın “Coursera” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “4Sİ Akademiyası” layihəsindən faydalanmağa dəvət ediliblər.

Final mərhələsində iştirakçılar İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsində süni intellektin tətbiqinə, iş prosesinin optimallaşdırılmasına dair layihələrini nümayiş etdirib, müxtəlif tapşırıqları həll edib, daha sonra verilən mövzular üzrə komandalar şəklində təqdimatla çıxış ediblər. Onların strateji düşünmək, liderlik, effektivliyin idarə edilməsi bacarıqları, komandada işləmək, nəticəyönümlü, kommunikasiya, dəyişikliklərin və innovasiyaların idarə edilməsi səriştələri ekspertlər tərəfindən qiymətləndirilib.

14:59

"Uğur yolu" müsabiqəsi İqtisadiyyat Nazirliyində yüksək intellektual potensiala malik kadrların müəyyənləşdirilməsinə və karyera irəliləyişinə əhəmiyyətli töhfə verir.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, "Uğur yolu" karyera inkişafı proqramının final mərhələsinin açılışı olub: “Finala yüksəlmiş bütün iştirakçılara təbriklərimizi çatdırır və uğurlar arzulayırıq”.