Paşinyanın ən böyük səhvi - yarıtmaz kadr siyasəti - ŞƏRH

Paşinyanın ən böyük səhvi - yarıtmaz kadr siyasəti - ŞƏRH

2018-ci ildən hakimiyyətə yiyələnən “məxməri” hökumətin ən böyük səhvlərindən biri də qeyri-effektiv kadr siyasəti sayılır. Müxalifətin təbiri ilə desək, belində çanta ilə baş nazir postuna əyləşən Nikol Paşinyan yaxın ətrafını, dostlarını, qohumlarını, arvadının qohumlarını ağına-bozuna baxmadan müxtəlif vəzifələrə təyin edib. Artıq 2019-cu ildən bu yarıtmaz siyasət öz “bəhrəsi”ni verməyə başlamışdı. Baş nazir çıxışlarının birində qeyd etdi ki, hakimiyyətin bəzi qanadları inqilaba qarşı müqavimət göstərir. Tarix 2020-ci ili göstərəndə Nikol kəskin çıxışlar edərək bildirib ki, artıq bir sıra vəzifəli şəxslər korrupsiyaya qurşanıb. Onlara qarşı mübarizə də effekt vermir, çünki Korrupsiya ilə Mübarizə İdarəsi özü də bu əməlin mərkəzinə çevrilib.

2021-ci ildə Ermənistanın baş naziri qeyd edib ki, o, təyinatlarında səhvləri etiraf edir, lakin heç kim onlardan sığortalanmayıb. Onun sözlərinə görə, hakimiyyət öz siyasətində, o cümlədən kadr siyasətində çatışmazlıqları gizlətmir. Məsələn, bəzi məmurların korrupsiya sövdələşmələrində iştirak etdiyini etiraf edirlər.

Baş verənlər isə sadə bir həqiqəti ortaya çıxardı. Ermənistanda ümumiyyətlə kadrlarla iş aparılmır. Kadr bankı yoxdur, kadr siyasətinin vahid sistemini formalaşdırmaq mümkün deyil. İstənilən halda, ölkədə kadrların sistemli şəkildə hazırlanması, seçilməsi və təyinatı sistemi fəlakətli vəziyyətdədir ki, bu da o deməkdir ki, müəyyən meyarlar və şərtlərlə mütəxəssislərin təyinatı prosesi də eyni fəlakətli vəziyyətdədir. Məsələn, 29 yaşlı Argişti Kyaramyan prezidentin sərəncamı ilə Milli Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə təyin edilib. Amma cəmi 4 ay sonra bu postdan istefa verib. Ölkənin kritik postunu oyuncağa çevirən Paşinyan hakimiyyəti bu günə qədər də Kyaramyanı hansı xüsusiyyətlərinə görə bu posta təyin etdiyini cavablaya bilmir. Əslində bu posta onun nə yaşı, nə təcrübəsi, nə də rütbəsi uyğun idi. Uyğun olan yeganə faktor baş nazir tərəfindən namizəd kimi göstərilməsi olub. Kyaramyanın karyerası "ildırım sürəti" idi. Bütün prosesi kadr manipulyasiyasından başqa bir şey adlandırmaq çətindir. O, 2019-cu il aprelin 10-da Dövlət Nəzarəti Xidmətinin (DNX) rəis müavini, aprelin 25-dən isə bu idarənin rəisi vəzifəsini müvəqqəti icra edən təyin edilib. Bir il keçməmiş, mayın 4-də o, tutduğu vəzifədən azad edilərək İstintaq Komitəsinin sədr müavini təyin edilib. Bu vəzifədə cəmi bir gün “işləyən” Kyaramyan istefasından sonra mayın 5-də Milli Təhlükəsizlik Xidmətinin direktor müavini təyin edilib. Bu, doğrudan da dünya kadr siyasəti tarixində yeni rekorddur.

Nikol Paşinyanın baş nazirlik təcrübəsi göstərir ki, o, özünə və ya yaxın adamlarına xüsusilə sadiq olan insanları əsas vəzifələrə təyin etməyə çalışırdı ki, bu da ona lazımsız problemlərdən qaçmağa imkan verməli idi. Amma bununla belə ona ən çox problemi də elə yaxınları yaşadıb.

Ən azı Ermənistanın Mülki Aviasiyasının uğursuz kadr təyinatı Tatevik Revazyanı qeyd etmək mümkündür. Qavar xəstəxanasının ərazisinə sərbəst şəkildə daxil olaraq iki xəstənin boğazını kəsən Arman Sarkisyan polis rəisi təyin edilib. İrəvan meri Hayk Marutyan da yalan vədləri və fırıldaqları ilə paytaxt sakinlərini təngə gətirib. Bu şəxslər təyinat meyarı tutduğu vəzifəyə uyğunluq deyil, baş nazirə və onun komandasına şəxsi sədaqəti olan kadrlardır. Bu, əvvəlki baş nazirlərin dövründə də belə idi və özünü “demokratiyanın qalası” elan etmiş yeni Ermənistanda da belə davam edir.

Tamamilə göz qabağındadır ki, hökumətin kadr bankı yoxdur və Paşinyan köhnə kadrlara, baş nazirin dediyi kimi, “Serjin qalıqları”na inanmır və buna görə də böyük məsuliyyət, bilik və inanılmaz təşkilati səylər tələb edən vəzifələrə təcrübəsiz gəncləri təyin etməyə məcbur olur ki, bu da ictimaiyyətə qarşı hörmətsiz münasibət yaradır. Bununla belə, problem təcrübəsizlik deyil, ölkənin kadr potensialına hörmətsizlik, bəzən isə hakim qüvvədə olanı bədbin şübhədir. Dövlət idarəetmə sistemi yeni tələb və prinsiplərə uyğunlaşmır.

Cari ilin yanvar ayında Lori vilayətinə səfər edən baş nazir qeyd edib ki, hakimiyyəti dövründə ölkənin kadr siyasətini həll edə bilməyib, kadr bankını yarada bilməyib. Paşinyan qeyd edib ki, verdiyi tapşırıqları özü şəxsən 3-4 dəfə yoxlamasa, real nəticə əldə edə bilmir. Paşinyanın kadr siyasəti də uğursuzluğa düçar olub ki, bu da cəmiyyətin istefa və təyinatların səbəbləri, meyarları və əsasları barədə tam məlumatsızlığı ilə təsdiqlənir. Məsələn, İrəvan merinin ölkənin müdafiə nazirinin müavini təyin edilməsi, Paşinyanın kadr siyasətində dərin böhran olduğunu göstərir. Bunun fonunda son istefa və təyinatlar heç bir məsələni həll edə bilmir. Bundan başqa, effektiv idarəetmə sisteminin formalaşmasına gətirib çıxarmayacaq. Paşinyanın bütün siyasətində dəyişiklik və kadr siyasətinə meritokratiya prinsipinin tətbiqi, onun ailəsinə və ya partiyasına yaxın adamların deyil, peşəkarların təyin edilməsində ifadə olunacaq.

Bu yaxınlarda isə məlum olub ki, Ermənistanın Ali Məhkəmə Şurasına hakim vəzifəsinə hakim partiyanın Vanadzordan olan deputatı vəkil Karen Tumanyanın namizədliyi irəli sürülüb. Partiya daxilində Arpi Dapoyan Kareni təklif edib. Tumanyan ötən ilin may ayında Korrupsiyaya qarşı mübarizə üzrə mülki palatanın hakimi kimi namizəd göstərilsə də, “Vətəndaş müqaviləsi” onun üstündən xətt çəkib. Buna səbəb isə Karenin qalmaqallı keçmişidir. 1976-ci ildə anadan olan deputat 1994-cü ildə ailə vəziyyətinə görə hərbi xidmətdən azad edilib. Yəni, artıq 18 yaşına qədər iki uşaq atası idi və orduya çağrılmırdı. Əslində isə o, iki uşağı olan qadınla ailə həyatı quraraq hərbi xidmətdən yayınıb. “Joqovurd” qəzetinin yazdığına görə isə Tumanyanın ordudan qovulması barədə müdafiə nazirliyinin sənədi də var. Sonralar müsahibə verən deputat bildirib ki, 2012-ci ildə, yəni 36 yaşı olanda ailə qurub. Bəs 1994-cü ildə qurulan ailə və iki uşaq faktını niyə gizlədir?

Başqa bir fakta keçək. Ermənistanın Kasassiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi vəzifəsinə partiyadan namizəd göstərilən Artur Atabekyan hakim partiyanın deputatı Vahe Qalumyanın qohumu və Tavuş qubernatoru Hayk Qalumyanın oğludur. Hayk Qalumyan siyasi dairələrdə Nikol Paşinyana çox yaxınlığı ilə tanınır.

Məsələ ondadır ki, Nikol Paşinyan mühüm vəzifələrə təyinat üçün sadiq adamlar axtarır, amma partiyanın fikirlərinə sadiq olanların sayı artmır, buna görə də hələ də kadr tapa bilmir. Uzun müddətdir ki, Şəhərsalma Komitəsinin sədri vəzifəsi, Nüvə Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsi bir ilə yaxındır boşdur. Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri vəzifəsi ötən ilin noyabrından vakantdır. İlin sonunda keçirilən Milli Məclisin iclaslarında “Vətəndaş müqaviləsi” üzvləri bu vəzifəyə “sevimli namizəd” tapa bilməyiblər.

Başqa bir fakt, Ali Məhkəmənin hakimi Vahe Qriqoryan AİHM-ə göndərilmək üçün Paşinyana ağız açıb. Amma maraqlıdır ki, bu 6 il ərzində işə getdiyi günləri saysaq, 1 ilin iş günlərinin sayı da alınmır. Onun başı öz biznesinə qarışıb və şəxsi əmlakını, kapitalını artırmaqla məşğul olub. Amma bununla belə, gözünü Strasburqa dikib və bu post üçün can atır. Bu yolla kapitalını daha da artırmaq niyyətini güdür.

Yuxarıda sadalananlardan məlum olur ki, Nikol Paşinyanın kadr siyasəti artıq iflasa uğramaq üzrədir. Çünki hələ sadalananlardan əlavə, Ermənistanda hələ də təyinatını gözləyən müxtəlif post və vəzifələr var və hakim partiya bu vəzifələrə təyinatda ciddi çətinlik çəkir. Bu isə hökumətin yarıtmaz kadr siyasəti, kadr bankının iyrənc siyasətlə formalaşdırılmasından xəbər verir.

Kamil Məmmədov