Qazaxın 4 kəndinin qaytarılması Prezident İlham Əliyevin xalqa növbəti hədiyyəsidir - RƏY

Qazaxın 4 kəndinin qaytarılması Prezident İlham Əliyevin xalqa növbəti hədiyyəsidir - RƏY

Qazaxın 4 kəndinin qaytarılması Azərbaycan torpaqlarını addım-addım, qarış-qarış toplayan Prezident İlham Əliyevin xalqa növbəti hədiyyəsidir.

Bunu “Birxeber.Az”a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin Qazax rayonundan seçilən deputatı Səməd Seyidov deyib.

Onun sözlərinə görə, dövlət başçısının rəhbərliyi ilə Azərbaycan regionda və dünyada böyük nüfuza sahibdir: "Azərbaycanın qarşıya qoyduğu məqsədlərin hər biri reallaşdırılacaq. Ulu Öndər Heydər Əliyevin vaxtilə dediyi kimi, Azərbaycan dünyaya günəştək doğacaq. Biz ölkəmizin dünyada artan nüfuzunun və gücünün canlı şahidiyik".

Deputat bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin və Azərbaycan Ordusunun yaratdığı reallığın qarşısında heç kim dayana bilməz.

"Azərbaycanın Vətən müharibəsində tarixi qələbəsi 2023-cü ilin sentyabrında suverenliyimizin tam bərpası ilə müşayiət olundu. Bu günlərdə azad olunmuş ərazilərimizdəki Rusiya sülhməramlıların bölgədən çıxması isə Azərbaycan Prezidentinin dövlət siyasətinin daha bir uğuru idi. Az öncə Qazax rayonunun 4 qeyri-anklav kəndinin Azərbaycana qaytarılması haqqında da xəbəri aldıq. Artıq görünən budur ki, Azərbaycan torpaqlarını qarış-qarış geri qaytarır”, - komitə sədri vurğulayıb.

S.Seyidov söyləyib ki, Azərbaycanın təkidi ilə delimitasiya prosesi davam etdirildi və öz nəticəsini verdi: “Biz inanırıq ki, digər kəndlərimizin də qaytarılması qısa müddətdə təmin ediləcək, əhalinin həmin ərazilərə köçü gerçəkləşdirəcək”.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib.