Ukrayna FHN: Rusiya davamlı olaraq terror aktları həyata keçirir

Ukrayna FHN: Rusiya davamlı olaraq terror aktları həyata keçirir

Düşmənin növbəti dəfə Ukraynaya raket zərbəsi endirməsi nəticəsində Dnepr vilayəti zərər çəkib. Nəticədə 7 nəfər ölüb, 26 nəfər yaralanıb. 14 nəfəri isə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin (FHN) bölmələri xilas edib.

Bunu “Birxeber.Az”un Şərqi Avropa bürosuna Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat katibi Aleksandr Xorunji bildirib.

Onun sözlərinə görə, Dnepr şəhərinə gəlincə, raket zərbəsi nəticəsində beşmərtəbəli binada yanğın baş verib, yuxarı mərtəbələr qismən dağılıb: “Şəhərdə 2 nəfər ölüb, 16 nəfər yaralanıb, 12 nəfər isə xilas edilib. Rusiyanın zərbələr endirdiyi Sinelnikov şəhərində 4 fərdi yaşayış binası qismən dağıdılıb, 10 fərdi evə ziyan dəyib. Nəticədə 2 uşaq daxil olmaqla, 5 nəfər ölüb. 1 uşaq daxil olmaqla 7 nəfər yaralanıb”.

Rəsmi əlavə edib ki, Krivoy Roqda raket hücumu nəticəsində 3 nəfər yaralanıb: “Hazırda bütün yerlərdə nazirliyin xilasediciləri və psixoloqlar işləyir, insanlara lazımi köməklik göstərilir. Biz artıq bir neçə dəfə bu cür raket hücumlarının nəticələrini aradan qaldırmışıq. Lakin Rusiya davamlı olaraq belə terror aktları həyata keçirir və bu, heç bir çərçivəyə sığmır. Çünki ilk növbədə bundan Ukraynanın mülki əhalisi əziyyət çəkir.

Sumı, Xerson, Xarkov, Donetsk, Odessa və Çerniqov vilayətləri həmişə hücuma məruz qalır. Rusiya əslində hər gün insanları öldürməyə və onların evlərini dağıtmağa çalışır”.