Lavrov: Ermənistan Avrasiya İqtisadi İttifaqından ən çox fayda götürən ölkədir

Lavrov: Ermənistan Avrasiya İqtisadi İttifaqından ən çox fayda götürən ölkədir

Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya-Ermənistan münasibətlərinin mövcud vəziyyətindən danışıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Lavrov yerli KİV-ə müsahibəsində bildirib ki, Rusiya Ermənistanı əvvəlki kimi müttəfiqi hesab edir.

“Birinci, biz hüquqi cəhətdən müttəfiqik. Düşünürəm ki, təkcə hüquqi deyil, Ermənistanda ölkənin təhlükəsizliyi, iqtisadi inkişaf üçün Rusiyanın əhəmiyyətini anlayanlar var. Paşinyan bir müddət əvvəl parlamentdə çıxışı zamanı dedi ki, “Rusiya ilə münasibətlər yaxşı günlərini yaşamır, lakin bu münasibətlərin dövlətçiliyimiz, suverenliyimiz, təhlükəsizliyimiz və iqtisadi inkişafımız üçün vacibliyini qiymətləndirmək çətindir”. Biz, onun (Paşinyanın-red.) münasibətlərimizdəki çoxlu müsbət şeyləri deməsini qiymətləndiririk. Mənə elə gəlir ki, bunlar çox vacib sözlərdir”, - Lavrov vurğulayıb.

XİN rəhbəri əlavə edib ki, bu, müəyyən dərəcədə Qərbin, ilk növbədə ABŞ və Avropa İttifaqının Ermənistanın Rusiyadan sürətli templərlə qoparmaqla bağlı fəaliyyətinə reaksiyadır.

Nazir qeyd edib ki, Ermənistan proporsional ölçüdə Avrasiya İqtisadi İttifaqından ən çox fayda götürən ölkədir: “Ermənistan iqtisadiyyatının 35 faizi Aİİ-də iştirakın hesabına reallaşır. Əgər ötən ili götürsək, Ermənistanın ticarət dövriyyəsi 20 milyard dollar olub. Onun 37 faizi Aİİ-nin, 13 faizi Avropa İttifaqı, 3 faizi isə ABŞ-la ticarətin payına düşür. Ermənistan Avrasiya İqtisadi İttifaqına digər üzvlərdən daha az töhfə verir, lakin Rusiya daxil olmaqla digər üzv ölkələr kimi bərabər hüquqlara malikdir. “Qazprom Ermənistan” 1000 kubmetr qazı 177 dollara satır. Qərbdə 2-3 qat bahasına satırlar. Əgər onlar öz qazları ilə Ermənistanı isitmək istəyirlərsə, mən bunun necə olacağını bilmirəm”.

Lavrov onu da bildirib ki, ABŞ “Metsamor” AES-i bağlamaq, onu öz kiçik modul reaktoru ilə əvəz etmək istəyirlər: “Ümid edirəm ki, ermənilər “Metsamor” AES-in istehsal etdiyi enerjinin əhəmiyyətini anlayırlar.

Zəngəzur mis-molibden kombinatı Ermənistanın ən böyük vergi ödəyicisidir”.

Lavrov sadaladıqlarının Rusiyanın balaca Ermənistanı istismar etdiyi mənzərəsini yaratmaq istəyənlərə cavab olduğunu söyləyib. Rusiyalı nazir Putinlə Paşinyan arasında təmaslara, məlum məsələlərin açıq şəkildə müzakirə olunacağına ümid etdiyini əlavə edib.