Tovuzda qadının yanaraq xəsarət alması ilə bağlı cinayət işi açılıb, şübhəli saxlanılıb

Tovuzda qadının yanaraq xəsarət alması ilə bağlı cinayət işi açılıb, şübhəli saxlanılıb

Tovuzda gənc oğlan özündən 12 yaş böyük qadını yandıraraq ona ağır xəsarətlər yetirib.

"Report"un Qərb bürosunun məlumatına görə, Tovuz rayon Aşağı Quşçu kəndində Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü T.Məmmədova üzərinə benzin tökülərək yandırılıb.

O, ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Gəncə Regional qrupundan "Report"un Qərb bürosuna bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs Tovuz rayon sakini, 2002-ci il təvəllüdlü Röyal Tağıyevdir.

"O, polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib. Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb", - rəsmi açıqlamada bildirilib.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxsin qadınla qeyri-rəsmi münasibətləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.