"ASAN xidmət”in Çağrı Mərkəzində süni intellekt tətbiq olunacaq

"ASAN xidmət”in Çağrı Mərkəzində süni intellekt tətbiq olunacaq

"ASAN xidmət”in Çağrı Mərkəzində süni intellekt tətbiq olunacaq.

“Birxeber.Az”un xəbərinə görə, bu barədə “Koreya Respublikasının 2023-cü il üzrə Kiçik Həcmli İnkişafa Rəsmi Yardım” proqramı çərçivəsində həyata keçirilən “Mərkəzləşdirilmiş Dövlət Xidmətləri Çağrı Mərkəzinin optimallaşdırılmasında Süni İntellektin Tətbiqi” layihəsi çərçivəsində avadanlıqların verilməsi haqqında qəbul və təhvil-təslim protokolunun imzalanma mərasimində bildirilib.

Mərasim Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin Koreyanın Azərbaycandakı səfiri Li İn-Yonq və Koreya Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan nümayəndəliyinin direktoru Moon Jong Hyun ilə görüşü çərçivəsində baş tutub.

Qonaqlara "ASAN xidmət”, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri, sosial innovasiyalar sahələrində həyata keçirilən işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu günədək 70 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb.

Görüş zamanı xidmətlərin göstərilməsində ən son innovasiya və texnologiyaların tətbiqi, dövlət xidmətlərinin gələcəyi ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Layihə müvafiq avadanlıqlar vasitəsilə “ASAN xidmət”in 108 Çağrı Mərkəzində azərbaycanlı mütəxəssislərin hazırladığı süni intellektin tətbiqi əsasında xidmətlərin daha da təkmilləşdirilməsini, qlobal standartlara uyğunlaşdırılmasını hədəfləyir. Sözügedən avadanlıqlar tapşırıqların avtomatlaşdırılmasına, çoxsaylı zənglərin eyni anda qəbuluna və gözləmə müddətinin azaldılmasına imkan verəcək. Çağrı Mərkəzinin fəaliyyəti 24 saat ərzində təmin ediləcək, insan resurslarına və digər xərclərə qənaət ediləcək. Eyni zamanda toplanmış məlumat analitikası vasitəsilə xidmətlərin fərdiləşdirilməsi və optimallaşdırılması mümkün olacaq.