Azərbaycan millisinin debütantı: Klubumla məsləhətləşdikdən sonra təklifi qəbul etdim

Azərbaycan millisinin debütantı: Klubumla məsləhətləşdikdən sonra təklifi qəbul etdim

Klubumla məsləhətləşdikdən sonra millinin təklifini qəbul etdim.

Bunu “Birxeber.Az”a açıqlamasında “Qarabağ” Futbol Akademiyasının aşağı yaş qrupları üzrə məşqçisi Rauf Əliyev ilk dəfə minifutbol üzrə Azərbaycan millisinə çağırılması barədə danışarkən deyib.

Eyni zamanda minifutbol çempionatında mübarizə aparan “İnter” komandasının formasını geyinən 35 yaşlı oyunçu yığma variantını düşündükdən sonra müsbət cavablandırdığını bildirib: “Milli komandadan təklif gəldi. Daha doğrusu, fikrimi soruşdular ki, minifutbol üzrə yığmada oynamaq istəyərsənmi? Açığı, məşqçi kimi işlədiyim üçün bu variant üzərində bir az düşündüm. Çempionatda da çıxış edirəm, yığmada oynamaq mənim üçün fərqlilik olacaq. Özümü bu millidə də sınamaq maraqlı gələcək. Böyük futboldan sonra minifutbol yığmasında çıxış etməyin necə hiss olduğunu zaman göstərəcək”.

Qeyd edək ki, Rauf Əliyev 2010-2018-ci illərdə futbol üzrə Azərbaycan millisinin heyətində 46 oyun keçirib, 7 qol vurub. O, aprelin 24-dən mayın 2-dək Monteneqroda keçiriləcək təlim-məşq toplanışı üçün minifutbol yığmasına cəlb olunub.