Gürcüstan XİN başçısı Dövlət Departamentinin baş müşavirini qəbul edib - YENİLƏNİB

Gürcüstan XİN başçısı Dövlət Departamentinin baş müşavirini qəbul edib - YENİLƏNİB

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə regional təhlükəsizlik, humanitar məsələlər və ABŞ-nin Rusiya-Gürcüstan münasibətlərinin nizamlanmasındakı rolu müzakirə edilib.

İ.Darçiaşvili ABŞ-nin strateji tərəfdaş olduğu Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi baxımından göstərdiyi mühüm səylərə görə Lui Bonoya təşəkkür edib.

20:00

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Gürcüstanda səfərdədir.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Gürcüstanın barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvledianinin ofisi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Tea Axvlediani və Lui Bono arasında görüş baş tutub.

"Dövlət naziri ABŞ-nin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyinə görə xarici diplomata təşəkkür edib və Gürcüstandakı münaqişənin sülh yolu ilə həlli prosesində ABŞ-nin rolunu vurğulayıb. Tərəflər Cenevrədə beynəlxalq danışıqların vacibliyini və gündəliyə daxil edilmiş məsələlər üzrə irəliləyişə nail olunmasının vacibliyinə diqqət çəkiblər", - məlumatda qeyd edilib.

Həmçinin Dövlət Departamentinin nümayəndəsinin ABŞ-nin Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə, eləcə də Gürcüstan hökumətinin sülh siyasətinə sarsılmaz dəstəyini təsdiqlədiyi diqqətə çatdırılıb.

Tərəflər sıx əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.