Qərbin təhlükəli planı: Ermənistana ayrılan 10 mln. avro nəyə sərf olunacaq - TƏHLİL

Qərbin təhlükəli planı: Ermənistana ayrılan 10 mln. avro nəyə sərf olunacaq - TƏHLİL

Qərb Ermənistanı anti-Rusiya platsdarmına çevirmək istiqamətində səylərini davam etdirməkdədir, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına deyil, regionda yeni gərginlik ocağı yaratmağa can atır.

Aprelin 5-də Brüsseldə cızılan planla İrəvanın Kremlin kurasiyasından çıxarılmasının prioritet elan olunduğu bəllidir. Ermənistanın da bütün siyasəti bu planın reallaşmasına yönəlib. İrəvan Kremlin hədə və narazılıqlarına baxmayaraq, aktiv şəkildə təhlükəli planın reallaşmasında mühüm rol oynayır.

“Zvartonts” aeroportundan Rusiya hərbçilərinin çıxarılması, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətinin dondurulması, 102 saylı rus hərbi bazasının vaxtından əvvəl ölkədən çıxarılması cəhdləri, eləcə də Metsamor AES-in bağlanıb, əvəzində Qərb stansiyalarının gündəmə gətirilməsi də planın tərkib hissəsidir.

Yeri gəlmişkən, rəsmi Moskva bu gün növbəti dəfə İrəvanı hədələyib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib ki, ABŞ və Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir və Ermənistan bu məsələdə alət rolunu oynayır. Onun sözlərinə görə, ABŞ və kollektiv Qərb yalnız münaqişələri alovlandırmağı bacarır: “Onlar ölkələri barışdırmağı, münaqişələri nizamlamağı, qan tökülməsini dayandırmağı bilmirlər. Aprelin 5-də Brüsseldə keçirilən görüş zamanı Ermənistana “Building Armenia's Defense and Security Resilience” adlı planın (Rusiya hərbi bazasının və rusiyalı sərhədçilərin ABŞ-Aİ-NATO qüvvələri ilə əvəz edilməsini, onların Ermənistan sərhədində Azərbaycan və İrana qarşı təxribat işlərini genişləndirmələrinin, həmçinin Metsamor AES-in sökülməsi yolu ilə Ermənistanın mühüm infrastrukturunun və enerji sisteminin yenidən istiqamətləndirilməsini özündə ehtiva edir) zorla qəbul etdirilməsi üzə çıxarsa, təəccüblənməyəcəyik”.

M.Zaxarova qeyd edib ki, Vaşinqton və Brüssel Ermənistanla Rusiya arasında həm təhlükəsizlik, həm də iqtisadiyyat sahəsində bütün əlaqələri məhv etməyi, KTMT və Avrasiya İqtisadi İttifaqına əsaslanan regional təhlükəsizlik və iqtisadi tərəfdaşlıq mexanizmlərini zəiflətməyi qarşılarına məqsəd qoyublar.

Lakin plan artıq işə düşüb və bununla bağlı ortada konkret xəbərlər var. Artıq “Brüssel planı”na uyğun olaraq Avropa İttifaqı 2,5 il ərzində Ermənistanda bir batalyonun modul səhra düşərgəsi üçün 10 mln. avro ayrılması barədə qərar qəbul edib. Erməni mediasının yaydığı xəbərə görə, vəsait Avropa Sülh Fondu tərəfindən veriləcək. Modul tipli düşərgəyə, həmçinin klinika, müvafiq xidmətlər və obyektlər daxil olacaq. Qeyd edilir ki, bu dəstəyin məqsədi Ermənistan silahlı qüvvələrinin dayanıqlılığını və sabitliyi bərqərar etmək qabiliyyətini artırmaqdır.

Beləliklə, Aİ qatı ermənipərəst mövqe ortaya qoyan Avropa Sülh Fondu vasitəsilə Ermənistana hərbi yardımların göstərilməsi imkanlarını genişləndirir. Fond Ermənistan üçün fəlakətli ssenarilər hazırlayır. İkinci Qarabağ müharibəsindən sonra bu proses daha da gücləndirilib.

Məlumat üçün bildirək ki, 2021-ci ildə təsis edilən Avropa Sülh Fondunun 2021-2027-ci illər üçün təxminən 5 milyard avro büdcəsi formalaşdırılıb. Fondun büdcəsi Aİ-yə üzv dövlətlərin ianələri hesabına formalaşır. Fondun təsis məqsədi kimi Aİ-nin münaqişələrin qarşısını almaq, sülhü qorumaq və beynəlxalq sabitliyi və təhlükəsizliyi gücləndirmək qabiliyyətini artırmaq qeyd olunsa da, Fond daha çox təzyiq vasitəsi funksiyası kimi çıxış etməkdədir. Bu təşkilatın sülh adı altında Ermənistana silah verməsini sübut edən çoxsaylı faktlar mövcuddur. Fransanın ardınca Avropa İttifaqının Ermənistanı silahlandırması olduqca yanlış və təhlükəli addımdır. Bu da regionda gərginliyin artmasına, Ermənistanda revanşizmin güclənməsinə xidmət edir.

Əvvəla, böyük əksəriyyət anlayır ki, hərbi yardımlar nə qədər ayrılsa, ordu gücləndirilsə də, Ermənistan Azərbaycanla müharibə aparmaq iqtidarında deyil. Əlbəttə ki, ayrılacaq yardımların əsl məqsədi tamam başqadır, ermənilərin özləri də bunu təsdiq edirlər. Məsələn, erməni mediasında yer alan iddialara görə, Avropa Ermənistana müdafiə xarakterli silahlar verməyə hazırdır: “Lakin onlarla döyüşmək mümkünsüzdür. Onlar baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçiriləcək etiraz aksiyalarını dağıtmaq üçün gərəkdir. Brüsselin vəd etdiyi milyonların dörd il müddətinə çatdırılması nəzərdə tutulub. İki ildən sonra isə ölkədə növbəti parlament seçkiləri keçiriləcək. Həmin seçkilərlə Nikol Paşinyanın yenidən baş nazir kürsüsünə qayıdacağına heç bir təminat yoxdur”.

Müxalif media yazır ki, Aİ-nin əsas hədəflərdən biri rəsmi İrəvanın Rusiyaya qarşı hücumlarının artırılmasıdır. Ayrılan vəsaitin bir hissəsi buna sərf olunacaq. Qeyd edilir ki, Qərb İrəvanın bu istiqamətdə fəallaşmasına çalışır. Birləşmiş Ştatlar bu məqsədlə zirehli avtomobillər, təcili yardım maşınları və ictimaiyyətlə əlaqələr məsələsində pulsuz məsləhətlər də verəcək. Müvafiq mütəxəssislər artıq bu məqsədlə Ermənistan Müdafiə Nazirliyində olublar.

Erməni mediası sonuncu məsələ ilə bağlı hakimiyyəti lağa da qoyub. “Erməni ordusuna Azərbaycanın mümkün hücumuna beş dəqiqə qalmış "pablik rileyşin"ə daha çox ehtiyac duyur”, - deyə rişxəndlə vurğulanır.

Beləliklə, Qərbin Ermənistan üçün cızdığı plan artıq işə düşüb. Bu plan erməni cəmiyyətinə revanşizm, itirdiyi mövqelərin geri qaytarılması adı altında yeridilir. Əslində isə hədəf, qeyd etdiyimiz kimi, bu deyil. Rusiyasız Ermənistana nail olmaq yaxın illərin əsas mövzusu olacaq. Bu baş verdikdə kimin qalib çıxacağını söyləmək çətindir.