Bakıda tanışlarına 400 min manatdan çox dələduzluq etməkdə təqsiləndirilən şəxsin cinayət işinin bəzi detalları - İTTİHAM AKTI

Bakıda tanışlarına 400 min manatdan çox dələduzluq etməkdə təqsiləndirilən şəxsin cinayət işinin bəzi detalları - İTTİHAM AKTI

Bakıda tanışlarının etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsiləndirilən Vüqar Əsədovun cinayət işinin bəzi detalları məlum olub.

"Birxeber.Az"un əldə etdiyi məlumata görə, istintaqla müəyyən olunub ki, Vüqar Əsədov aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışları Rövşən Kazımov, Hikmət Kazımov və Vilayət Yaqubova qarşı dələduzluq edib.

Belə ki, o, R.Kazımova özünü etibarlı biznes tərəfdaşı kimi təqdim edərək quşçuluq məhsullarının satışı ilə məşğul olduğunu yalandan bildirib, onun pul qismində yatırım edəcəyi təqdirdə verilən məbləğin aylıq 7-10 faizi məbləği miqdarında gəlir əldə edəcəyinə dair aldadaraq, ümumilikdə 247 min manat məbləğində pul vəsaitini şəxsən və tanışı cinayətdən xəbərsiz İlham Əlisoyun vasitəsilə alıb.

Təqsirləndirilən şəxs guya gəlir əldə edilməsinə dair görüntü yaratmaq məqsədi ilə hissə-hissə Rövşən Kazımova ümumilikdə 123 min 990 manat pul vəsaitini gəlir adı ilə geri qaytarıb, qalan 123 min 10 manat pul vəsaitini şəxsi ehtiyaclarına sərf edib.

Bundan başqa o, təkrarən zərərçəkmiş Rövşən Kazımovun övladı Misirxan Kazımlının Dövlət Miqrasiya Xidmətinə işə qəbul edilməsinə köməklik göstərilməsi üçün 50 min manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirib. Təqsirləndirilən şəxs özünün yaxın münasibətdə olduğu şəxslər vasitəsilə qeyd olunan Xidmətə işə qəbul etdirə biləcəyini Rövşən Kazımova aldatmaqla bildirib və 45 min manat pul vəsaitini alıb.

Eyni zamanda, Vüqar Əsədov təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Vilayət Yaqubova özünü etibarlı biznes tərəfdaşı kimi təqdim edərək quşçuluq məhsullarının satışı ilə məşğul olduğunu bildirib. O, zərərçəkmişin pul qismində yatırım edəcəyi təqdirdə verilən pulun aylıq 15-30 faizi məbləğində gəlir verəcəyinə dair aldadaraq, ondan hissə-hissə olmaqla ümumilikdə 141 min 900 manat pul vəsaitini alıb.

Təqsirləndirilən şəxs görüntü yaratmaq məqsədi ilə hissə-hissə Vilayət Yaqubova ümumilikdə 33 min 754 manat pul vəsaitini gəlir adı ilə geri qaytararaq, qalan 108 min 146 manat pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq edib.

Bundan başqa, təqsirləndirilən şəxs tanışı H.Kazımovla iş görmək adıyla sövdələşərək, ümumilikdə 115 min 275 manat məbləğində pulu və əmlakı alıb. O, guya gəlir əldə edilməsinə dair görüntü yaratmaq məqsədi ilə hissə-hissa Hikmət Kazımova 4 000 manat gəlir, 21 700 manat dəyərində cücə yeminin ödənişi adı ilə ümumilikdə 25 700 manat pul vəsaitini geri qaytarıb. Yerdə qalan 89 min 575 manat pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq edib.

Vüqar Əsədov, zərərçəkmiş R.Kazımovun oğlu Mətin Kazımlının hüquq mühafizə orqanlarında işə qəbul etdirə biləcəyini inandıraraq ondan 42 min 500 manat məbləğində pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq edib.

Bununla da o, zərərçəkmişlərə ümumilikdə 408 min 231 manat maddi ziyan vurub.

Qeyd edək ki, hazırda cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə araşdırılır.

Zərərçəkmiş şəxs qismində R.Kazımov, H.Kazımov və V.Yaqubov tanınıb.

V.Əsədova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.