Sumqayıt qatarını daşa basan azyaşlılar valideynləri ilə birgə polis şöbəsinə aparılıb

Sumqayıt qatarını daşa basan azyaşlılar valideynləri ilə birgə polis şöbəsinə aparılıb

Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarına Sumqayıt şəhəri ərazisindən keçərkən naməlum şəxslər kənardan daş atıb, vaqonun qapısının şüşəsi sındırılıb.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, bu hal qatarın hərəkətində gecikməyə və sərnişinlərin narahatlığına səbəb olub.

Bildirilib ki, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşlarının axtarışı nəticəsində hadisəni törədən 3 azyaşlı müəyyən olunaraq valideynlərinin iştirakı ilə polis şöbəsinə gətirilib. Azyaşlıların valideynləri ilə profilaktik söhbətlər aparılıb və övladları üzərində nəzarəti daha gücləndirməyin vacib olduğu diqqətə çatdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

"Bakı-Sumqayıt-Bakı marşrutu üzrə yaxın ərazidə yaşayan vətəndaşların nəzərinə çatdırmaq istəyirik ki, dövlət əmlakına ziyan vuranlar, elektrik qatarının təhlükəsiz hərəkətinə mane olanlara qarşı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görüləcək", - deyə məlumatda qeyd olunub.