Talassemiyalı xəstələrin valideynlərinə 1 mln. manatlıq dələduzluqda ittiham olunan şəxslər özlərini təqsirli bilmir

Talassemiyalı xəstələrin valideynlərinə 1 mln. manatlıq dələduzluqda ittiham olunan şəxslər özlərini təqsirli bilmir

Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama görə, etibardan sui-istifadə etməklə qabaqcadan əlbir olan şəxslər öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirərək xeyli və külli miqdarda zərər vurmaqla təkrar dələduzluq cinayəti törədiblər. Nuridə Seyidova tamah niyyəti, aldatma yolu ilə təsisçisi və direktoru olduğu "Urmedhelp" MMC və "My Doc Tour Medical Tourism" şirkətləri adından zərərçəkmiş şəxslərin yaxınlarına qarşı Türkiyədə əməliyyat olunmağa köməklik göstərəcəyi vədi verərək dələduzluq edib.

Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə 36 zərərçəkmiş şəxsə ümumilikdə 980 min manat ziyan dəyib.

Hakim Azad Məcidov təqsirləndirilən şəxslərdən özlərini təqsirli bilib-bilmədiklərini soruşub.

Təqsirləndirilən şəxslər - Aynur Bayramova və Aysel Məmmədova özlərini təqsirli bilməyib, digər təqsirləndirilən Nuridə Seyidova isə özünü qismən təqsirli bilib.

Onlar istintaq müddətində dəymiş ziyanın bir qismini ödədiklərini bildiriblər.

Məhkəmə prosesi mayın 1-də davam etdiriləcək.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı ötən ilin fevral ayında daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova adlı qadınla əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlıq dələduzluq edib. Nuriyə Seyidova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.