AŞPA Rusiyanın 300 mlrd. dollarlıq dondurulmuş aktivləri barədə qətnamə qəbul edib

AŞPA Rusiyanın 300 mlrd. dollarlıq dondurulmuş aktivləri barədə qətnamə qəbul edib

Avropa Şurasının Parlament Assambleyası yekdilliklə Rusiyanın 300 milyard dollarlıq dondurulmuş aktivlərinin Ukraynanın bərpasına yönəldilməsi barədə qətnamə qəbul edib.

APA-nın “Unian”a istinadən məlumatına görə, sənəd həmçinin Ukraynadakı müharibəni dəstəkləyən rusiyalı iş adamlarının Avrozona ölkələrindəki bank hesablarına da şamil edilir.

Qətnamədə prosesin sürətləndirilməsi üçün Avropa İttifaqının başçılığı ilə beynəlxalq təzminat mexanizminin, habelə Rusiyaya məxsus aktivlərin toplanması üçün xüsusi fondun yaradılması, habelə sanksiyaları pozan ölkələrə qarşı müxtəlif tədbirlərin görülməsi də nəzərdə tutulur.

Qeyd edək ki, sanksiyalara rəğmən bir il ərzində bir sıra iş adamları külli-miqdarda gəlir əldə edib.

Avropa İttifaqındakı mənbələrdən bildirilib ki, bir sıra ölkələrin məhdudiyyətləri pozması səbəbindən “Nornikel”in sahibi Aleksey Mordaşov sərvətini 4,6 milyard dollar artırıb.