“Bank Avrasiya”nın xalis mənfəəti 23% azalıb - Kredit portfeli kiçilib

“Bank Avrasiya”nın xalis mənfəəti 23% azalıb   - Kredit portfeli kiçilib

“Bank Avrasiya” 2024-cü ilin I rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.

Birxeber.Az-Economics” banka istinadən xəbər verir ki, 2024-cü ilin I rübündə “Bank Avrasiya”nın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.8% azalaraq 1 milyon 201 min manat təşkil edib. 2023-cü ilin müvafiq dövründə bank 1 milyon 555 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 6.9% azalaraq 3 milyon 599 min manat, faiz xərcləri isə 24% azalaraq 605 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 529 min manata ( illik müqayisədə 6.4% az ), qeyri-faiz xərcləri isə 1 milyon 659 min manata ( illik müqayisədə 7% az) bərabər olub. Beləliklə bank bu dövrdə 1 milyon 485 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da illik müqayisədə 26% azdır.

Bu ilin ilk üç ayı ərzində “Bank Avrasiya” kiçilib. Belə ki, cari ilin aprel 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 0.30% və ya 570 min manat azalaraq 183 milyon 967 min manata enib. Cari ilin ilk 3 ayında “Bank Avrasiya”nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 1.5% və ya 2 milyon manat azalaraq 135 milyon 170 min manata bərabər olub. Bankın kredit portfelində istehlak kreditləri 15 milyon 307 min manat, biznes kreditləri 63 milyon 846 min manat, daşınmaz əmlak kreditləri isə 56 milyon manat təşkil edib.

Bu dövrdə “Bank Avrasiya”nın cəmi öhdəlikləri 102 milyon 291 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 1.7% və ya 1.8 milyon manat azdır.

Bu dövrdə bankın hüquqi şəxslərin depozit portfeli 32%-dən çox azalıb. Belə ki, bankda fiziki şəxslərin depozitləri ilin əvvəlinə nisbətən 9% və ya 3.8 milyon manat artaraq 46 milyon 268 min manat, hüquqi şəxslərin(şirkətlərin) depozitləri isə 32.7% və ya 1 milyon 976 min manat azalaraq 4 milyon 58 min manat təşkil edib. Bankın ümumi depozit portfeli cari ilin ilk 3 ayında 3.8% və ya 1.8 milyon manat artaraq 50 milyon 327 min manata bərabər olub.

2023-cü il aprel ayının 1-nə “Bank Avrasiya”nın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 1.5% və ya 1 milyon 237 min manat artaraq 81 milyon 675 min manat təşkil edib.