Azərbaycan Hərbi Hava Qüvvələri Naxçıvanda təlim keçib, şərti düşmən məhv edilib

Azərbaycan Hərbi Hava Qüvvələri Naxçıvanda təlim keçib, şərti düşmən məhv edilib

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimdə yuxarı komandanlığın idarəetmə məntəqəsindən verilən "HAZIRLIQ-1" komandası ilə Ordu aviasiyası və hava hücumundan müdafiə birləşmə və hissələri 1 nömrəli hazırlığa gətirilib. Eyni zamanda, ehtiyatda saxlanılan Hava Hücumundan Müdafiə (HHM) bölmələri döyüş tapşırığına əsasən təyinat rayonlarına çıxaraq döyüş tapşırıqlarını icra ediblər.

2 nömrəli hazırlıqda olan aviasiya vasitələrinin heyətləri ilə uçuşdan əvvəl brifinq keçirilərək şəxsi heyət qarşısında döyüş tapşırıqları qoyulub. Uçuş heyətləri tərəfindən Mİ-17 nəqliyyat-döyüş helikopterləri ilə yer hədəflərinə aviazərbələr praktiki uçuşla təqlid edilib, çoxqat və çoxhədli hava hücumundan müdafiə sisteminin dəf edilməsi üçün müxtəlif manevrlər yerinə yetirilib.

Təlimə cəlb olunan HHM bölmələrinin döyüş növbətçiliyində olan Kəşfiyyat və Hədəfgöstərmə stansiyaları ilə hava məkanının fasiləsiz kəşfiyyatı aparılıb, məlumatlar təhlil olunub, qiymətləndirilib, emal edilərək komanda və idarəetmə məntəqələrinə, həmçinin qarşılıqlı əlaqədə olan bölmələrə ötürülüb.

Hava vəziyyətinin qiymətləndirilməsi Radiolokasiya bölmələri ilə yanaşı, Bayraktar TB2 və Vizual Müşahidə Postlarından alınmış məlumatlar əsasında aparılıb.

Komandir və döyüş heyətləri real döyüş şəraitində hədəflərin ardıcıl olaraq məhvetmə zonasına girmə ardıcıllığının, onlar arasında vaxt intervallarının hesablanması, müxtəlif hündürlük diapozonlarında intensiv aktiv və passiv maneə şəraitində fəaliyyət göstərən hava düşməninin şərti məhv edilməsi, düşmənin kiçik ölçülü az sürətli PUA-lara qarşı HHM bölmələrinin fəaliyyəti üsulları üzrə məşq etdirilib.

Eyni zamanda, birlik, birləşmə, hissə və bölmələrin dislokasiya məntəqələri və döyüş mövqelərinin mini və mikro pilotsuz uçuş aparatlarının hücumlarından mühafizə olunması məqsədilə yerinə yetirilən aktiv tədbirlər çərçivəsində radiomaneə vasitələrindən istifadə olunub.

Taktiki-xüsusi təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib və bölmələr arasında birgə fəaliyyətin uzlaşmasına nail olunub.