“Yaşıl enerji” ilə bağlı görülən işlər: Azərbaycanda aktual layihələrin xülasəsi

“Yaşıl enerji” ilə bağlı görülən işlər: Azərbaycanda aktual layihələrin xülasəsi

Naxçıvan Muxtar Respublikası əlverişli günəş radiasiyasına və yüksək bərpa olunan enerji potensialına malikdir.

Bunu “Report”a açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Bərpa olunan enerji mənbələri ərazilərinin inkişafı şöbəsinin müdiri Fəqan Abdurəhmanov bildirib.

Onun sözlərinə görə, Naxçıvanda ümumi gücü 39 MVt olan günəş elektrik stansiyaları fəaliyyət göstərir: “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nına əsasən, burada "Yaşıl Enerji Zonası"nın yaradılması, Konsepsiya və Tədbirlər Planının hazırlanması nəzərdə tutulur. Naxçıvanda külək və günəş enerjisi üzrə 1 500 MVt-lıq istehsal güclərinin xarici investisiya hesabına yaradılması və onun ən azı 1 000 MVt-nın Türkiyə və Avropa istiqamətində ixracı əsas hədəflərdəndir”.

Mütəxəssis deyir ki, hazırda Fransanın “TotalEnergies” şirkəti ilə 250 MVt gücündə və “Nobel Energy” şirkəti ilə 400 MVt gücündə günəş elektrik stansiyalarının inşası və istehsal ediləcək elektrik enerjisinin Türkiyəyə ixracı üzrə əməkdaşlıq edilir: “Eyni zamanda Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və “A-Z Czech Engineering” MMC arasında imzalanmış “Azərbaycan Respublikası ərazisində bərpa olunan enerji mənbələri üzrə layihələrin icrası, həmçinin Naxçıvan Muxtar Respublikasında gücü 500 MVt-a qədər olan günəş elektrik stansiyasının tikintisi, eləcə də elektrik enerjisinin Türkiyəyə ixracı üçün ötürücü şəbəkənin qurulması imkanlarının araşdırılması üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində əməkdaşlıq həyata keçirilir”.

Fəqan Abdurəhmanov
Fəqan Abdurəhmanov

F. Abdurəhmanovun fikrincə, Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Bu potensialdan istifadə istiqamətində mühüm tədbirlər həyata keçirilir.

O xatırladıb ki, 2020-ci ildən Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanını “ACWA Power”, Böyük Britaniyanın BP, Avstraliyanın “Fortescue Future Industries”, Çinin “China Gezhouba Group Overseas Investment”, “Total Energies”, ABŞ-ın “Nobel Energy”, Çex Pespublikasının “A-Z Czech Engineering” və Türkiyənin “Baltech” şirkətləri ilə bərpa olunan enerji layihələri ilə bağlı əməkdaşlıq edilməkdədir: “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin 5-ci bəndində (“Təmiz ətraf mühit” və “Yaşıl artım ölkəsi”) iqlim dəyişikliyi və onunla mübarizə istiqamətində, eləcə də ölkəmizdə "yaşıl enerji" məkanı prinsiplərinə əsaslanan bərpa olunan enerjidən iqtisadiyyatın bütün sahələrində tətbiqi məsələləri öz əksini tapıb. Ölkə başçısının müvafiq sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Energetika Nazirliyi tərəfindən 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücü payının 30 %-ə çatdırılması əsas hədəf kimi müəyyən edilib”.

Şöbə müdiri vurğulayıb ki, eyni zamanda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası "yaşıl enerji zonası" elan olunub: “Bu ərazilər yüksək potensiallı “yaşıl enerji” mənbələrinə malikdir. Füzuli, Cəbrayıl, Zəngilan rayonlarında günəş enerjisi potensialı, Laçın və Kəlbəcər rayonlarında külək enerjisi potensialı yüksək qiymətləndirilir. BP şirkəti tərəfindən Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə "Şəfəq” Günəş Elektrik Stansiyası layihəsi həyata keçirilir. Bundan əlavə, “China Gezhouba Group Overseas Investment” və “Nobel Energy” şirkətləri ilə imzalanmış müqavilələr çərçivəsində işğaldan azad olunmuş ərazilərdə günəş elektrik stansiyalarının tikintisi nəzərdə tutulur”.

F. Abdurəhmanov bildirib ki, 2023-cü ildə bərpa olunan enerji sahəsində ən əlamətdar hadisə 26 oktyabr tarixində “Masdar” şirkəti tərəfindən inşa olunmuş 230 MVt-lıq Qaradağ Günəş Elektrik Stansiyasının (GES) istismara verilməsi olub: “Bu GES Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Bundan əlavə “Masdar” şirkəti tərəfindən Neftçalanın Bankə qəsəbəsində 315 MVt-lıq günəş elektrik stansiyası, Biləsuvarda 445 MVt-lıq günəş elektrik stansiyası və Abşeron-Qaradağ rayonları ərazisində 240 MVt-lıq külək elektrik stansiyası layihələrinin icrası ilə bağlı işlər davam etdirilir ki, bu da 1 QVt gücündə bərpa olunan enerji mənbəyinin istismara verilməsi deməkdir”.

Həmçinin o vurğulayıb ki, Azərbaycan dənizdə külək enerjisi üzrə də yüksək potensiala malikdir: “Xəzər dənizinin Azərbaycana məxsus hissəsində külək enerjisinin ümumi texniki potensialı 157 QVt (dayazsulu hövzələrdə 35 QVt və dərinsulu hövzələrdə 122 QVt) səviyyəsində qiymətləndirilir. Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” 2019-cu il 29 may tarixli 1209 nömrəli sərəncamı ilə verilmiş tapşırıqların icrasının təmin edilməsi məqsədilə ölkədə bərpa olunan enerji sahəsində yeni istehsal güclərinin yaradılması və sahəyə özəl, o cümlədən xarici investisiyaların cəlb edilməsi istiqamətində Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası ilə “Azərbaycanda dənizdə külək enerjisinin inkişafı üzrə yol xəritəsi” hazırlanıb.

Dənizdə külək enerjisi potensialından istifadə çərçivəsində “Masdar” şirkəti ilə quruda və dənizdə ilkin mərhələdə 4 QVt gücündə, növbəti mərhələdə isə 6 QVt gücündə günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi ilə bağlı razılaşma əldə olunub. Əlavə olaraq “Fortescue Future Industries” şirkəti ilə imzalanmış Azərbaycanda bərpa olunan enerji layihələri və “yaşıl hidrogen”in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair Çərçivə Müqaviləsi Azərbaycanda bərpa olunan enerji və “yaşıl hidrogen”in istehsalı üzrə ümumi gücü 12 QVt-dək layihələrin araşdırılması və reallaşdırılmasını nəzərdə tutur”.