Azərbaycan Buxarest Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir

Azərbaycan Buxarest Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndə heyəti Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Buxarest Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir.

“Birxeber.Az” XRİTDX-nin məlumatına istinadən xəbər verir ki, nümayəndə heyətinə Xidmətin rəisi general-leytenant İlqar Musayev rəhbərlik edir.

Bildirilir ki, sammit çərçivəsində təşkil edilən Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransda (ICCD) çıxışı zamanı İ. Musayev rəhbərlik etdiyi qurumun fəaliyyətindən bəhs edib, kibermünaqişələrin qarşısını almaq və kiberməkanda məsuliyyətli dövlət davranışını təmin etmək üçün diplomatik səylərin lazım olduğunu vurğulamış, eyni zamanda Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında ötən il imzalanan Anlaşma Memorandumuna əsasən cari ilin ikinci yarısında Azərbaycanda regionda ilk dəfə “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfransın keçiriləcəyi haqqında məlumat verib.

Sammit çərçivəsində Kibertəhlükəsizlik və Texnologiyada Regional Diplomatik Təşəbbüslər, Kiberdiplomatın fəndi: Rəqəmsal əsrdə diplomatiya sənəti, Təhlükəsiz Rəqəmsal Ticarət Mühitinin Təşviqi, İnkişaf etməkdə olan Texnologiyalar üçün Əməkdaşlığın Hüquqi Çərçivələri mövzusunda panel müzakirələr aparılıb. Panel müzakirələrdə XRİTDX-nin idarə rəisi Tural Məmmədov qlobal xidmət provayderlərdə toplanan fərdi məlumatlardan qeyri-etik istifadə hallarından, onların fərdlərin seçim azadlığına təsir imkanlarından, “Deepfake” texnologiyaları nəticəsində yayılan saxta xəbərlərdən və belə xəbərlərin cəmiyyətlərdə yarada biləcəyi ajiotaj, xaos, siyasi və iqtisadi təsirlərinin təhlükələrindən danışıb. O, süni intellektin etik istifadə sahələrindən danışaraq, bu kimi hallarla mübarizə və əməkdaşlıqlar üçün Kiberdiplomatiya kimi platformaların effektivliyini xüsusi vurğulayıb.