Zakir Məmmədov: “Azərbaycanın “Yaşıl dünya” ilə bağlı geniş tarixi irsi var”

Zakir Məmmədov: “Azərbaycanın “Yaşıl dünya” ilə bağlı geniş tarixi irsi var”

Azərbaycanın “Yaşıl dünya” ilə bağlı geniş tarixi irsi var və bunlar kitablarda öz əksini tapmalıdır.

Bunu “Birxeber.Az”a müsahibəsində iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib.

Onun sözlərinə görə, “Yaşıl dünya” ideyası olmayanda hələ ötən əsrin ortalarında Azərbaycanda "Yaşıl teatr" fəaliyyət göstərirdi.

Z.Məmmədov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər tədbirin bu ilin noyabrında Azərbaycanda keçirilməsinin ilk növbədə ölkəyə verilən önəmin və Azərbaycanın qlobal "yaşıl" hərəkatda əhəmiyyətinin göstəricisi olduğunu deyərək, bunun heç də təsadüfi olmadığını vurğulayıb.

“Bu gün təbii resurslar artıq təkcə hər hansı konkret ölkəyə deyil dünyaya məxsusdur və bu resursların tükənmə prosesi gedir. Bu gün bəşəriyyət qarşısında resurslardan səmərəli istifadə və qısa zaman kəsiyində “yaşıl keçid”in təmin olunması kimi vacib bir missiya dayanır. Bunun reallaşdırılması bu sahədə ixtisaslı kadr bazasının formalaşdırmasını tələb edir. Bununla belə ölkədə bu sahədə kəskin kadr çatışmazlığı hiss olunmaqdadır. Belə ki, banklardan biri "yaşıl istiqraz" buraxır, lakin, bu sahədə mütəxəssis hazırlığı varmi? Analoji vəziyyət "yaşıl" bankçılıq, sığortaçılıqla da bağlı müşahidə edilir. Bu mənada Azərbaycanda “Yaşıl Universitet”in yaradılması labüddür. Bu, bir tərəfdən kadr “aclığı”nı aradan qaldıracaq, digər tərəfdən isə cəmiyyətə “yaşıl mədəniyyət”i aşılayacaq”,- deyə o qeyd edib.

Z.Məmmədov hesab edir ki, yeni çağırışlar çərçivəsində qarşıda duran ən böyük vəzifələrdən biri universitetlərin onlara nə dərəcədə hazır olması ilə bağlıdır: "Dünya təcrübəsinə nəzər salmış olsaq görərik ki, ən çox müzakirə edilən mövzular sırasında universitetlərin iqtisadiyyatın tələblərə nə dərəcə cavab verməsi ilə bağlıdır.

Universitetlər cəmiyyətin hüquqi və sosial-iqtisadi problemlərinin həllinə mühüm təsir göstərən biliklər istehsal edirlər. Ali təhsil müəssisəsinin qarşısında duran vəzifələrdən biri də innovativ layihələrin həyata keçirilməsi üçün şərait və mühitin yaradılmasıdır. Universitetlər biznes və elmi ixtiraların kəsişməsi üçün ən münbit və münasib yer olmalıdır.

Belə ki, universitetlər kadr hazırlığı ilə yanaşı həm də cəmiyyətin problemlərinin həlli yollarını araşdırmalıdır. Bu gün universitetlər əmək bazarının müasir çağırışlarına cavab verən güclü kadrların yetişdirilməsini təmin etməlidir. Çünki güclü milli iqtisadiyyatı müvafiq kadrlarla məhz universitetlər təmin etməlidir. Bu prosesdə xüsusi rol elmi tədiqatlara məxsusdur. Eyni zamanda bir məqama xüsusilə diqqət yetirmək lazımdır. Belə ki, əgər elmi tədqiqatlar təhsildə, biznesdə istifadə edilmirsə, onun praktiki tətbiqində cəmiyyət hər hansı töhfə hasil etmirsə, o zaman həmin elmi tədqiqatın nəticəsi böyük sual doğurur. Çünki müasir dövrdə elmi tədqiqatlar ilk növbədə nəticə yönümlü olmalıdır. Belə olduğu təqdirdə həmin tədqiqatların kommersiyalaşdırılması prosesi də xeyli asanlaşmış olur".

Z.Məmmədovla müsahibəni buradan oxumaq mümkündür.