"Sabah"ın futbolçusu: İnanıram ki, mövsümün sonunda istəyimizə çatacağıq - MÜSAHİBƏ

"Sabah"ın futbolçusu: İnanıram ki, mövsümün sonunda istəyimizə çatacağıq - MÜSAHİBƏ

"Sabah" klubunun futbolçusu Tellur Mütəllimov "Birxeber.Az"un suallarını cavablandırıb.

29 yaşlı yarımmüdafiəçi "Qarabağ"la son oyunda qazanılan qələbə, avrokubok şansları və milli komanda barədə danışıb.

- Azərbaycan Premyer Liqasının XXX turu çərçivəsində “Qarabağ”a qalib gəldiniz. Oyunla bağlı nə deyə bilərsiniz?

- Çətin qarşılaşma oldu. “Qarabağ”la oyunlarımız həmişə maraqlı keçir. Kollektiv olaraq çox yaxşı mübarizə apardıq və məşqçilərimizin tapşırıqlarını yerinə yetirdik. Fikrimcə, layiqli qələbə idi.

- Üçüncü dövrədə “Qarabağ”la keçirdiyiniz matçda 3:3 hesablı bərabərlik qeydə alındı. Azərbaycan Kubokunun 1/ 4 finalında isə 4:3 hesabı ilə qələbə qazandınız. Ölkənin ən güclü komandasına qarşı oyunlara xüsusi motivasiya ilə hazırlaşırsınız?

- Biz bütün matçlara xüsusi motivasiya ilə hazırlaşırıq. Hər bir oyun bizim üçün final dəyərindədir. “Qarabağ” kimi güclü komandaya qarşı əvvəlki görüşlərimizdə də yaxşı mübarizə aparıb, xal aldığımız üçün sevinirik.

- Ümumilikdə cari mövsüm Premyer Liqada Ağdam təmsilçisinin qapısına 2 qol vurmusunuz və bu matçlarda komandanız meydandan məğlub ayrılmayıb. Bunu nə ilə əlaqələndirirsiniz?

- Qol vurmaq hər zaman sevindiricidir, xüsusi ilə “Qarabağ” kimi güclü kluba. Amma əsas komandamın uğurudur. “Sabah”a faydalı olmaq üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışıram.

- Yeni baş məşqçi Krunoslav Renduliçin gəlişindən sonra 3 oyunda qələbə qazanıb, 2 görüşdə məğlub olmusunuz. Sabiq baş məşqçiniz Murad Musayevlə Renduliç arasında fərqlər hansılardır?

- Hər bir məşqçinin öz oyun üslubu var. Hər hansı müqayisə aparmaq istəməzdim.

- Ötən mövsümlə müqayisədə “Sabah”ın nəticələrində nisbətən geriləmə müşahidə olunur. Bu nə ilə bağlıdır?

- Bu, futboldur. Həmişə eyni nəticəni qazanmaq çətindir. Həm də keçmişlə yaşamamalıyıq. Ötən mövsüm olduğu kimi, bu il də avrokuboklara düşmək şansımız var. Qarşıdakı oyunlara daha yaxşı hazırlaşıb, qələbəyə köklənəcəyik.

- Turnir cədvəlində 43 xalla 5-ci pillədə qərarlaşmısınız. Marafonun sonunda mükafatçılar sırasına düşə biləcəyinizə inanırsınız?

- Əlbəttə, komandanın hər bir üzvü buna inanır və bunun üçün mübarizə aparır. İnanıram ki, mövsümün sonunda istəyimizə çatacağıq.

- Avrokuboklara düşməsəniz bunu faciə hesab etmək olar?

- Hazırda bunu düşünmək istəmirəm. Qarşıdakı oyunlarımız barədə fikirləşirəm.

- Milli komandanın baş məşçi postu boşdur. Əsas müzakirə mövzusu isə yeni çalışdırıcının yerli, yoxsa əcnəbi olması ilə bağlıdır. Bu barədə siz nə düşünürsünüz?

- Mənim üçün məşqçinin yerli və ya əcnəbi olmasının fərqi yoxdur. Əsas odur ki, çalışdığı müddətdə milli komandamıza faydalı olsun. İstəyirəm ki, yığma qazandığı nəticələrlə azarkeşləri sevindirsin.

- Milli komandanın sabiq futbolçusu kimi yenidən yığmaya çağırılacağınıza ümid edirsiniz?

- Milli komandada oynamaq hər bir futbolçu üçün fəxrdir. Mənim üçün də həmçinin. Çox istəyərdim ki, yenidən yığmanın sıralarına qoşulum. Yenidən çağırılsam, can-başla oynamağa hazıram. Amma bunun üçün ilk növbədə çıxış etdiyim klubda yaxşı oyun nümayiş etdirməliyəm.