Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrlik Azərbaycana keçib

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrlik Azərbaycana keçib

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik Azərbaycana keçib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezident İlham Əliyevin aprelin 17-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edərkən məlumat verilib.

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyin Azərbaycana keçməsi prosesində bütün üzv ölkələrə, o cümlədən Qazaxıstan tərəfinə təşəkkürünü bildirib.

Xatırladaq ki, AQEM Xarici İşlər Nazirləri Şurasının bu il martın 19-da qəbul etdiyi qərarla Azərbaycan 2024-2026-cı illər üzrə təşkilatın sədri seçilib. Qərara əsasən, rəsmi Bakının bu çərçivədə 2024-cü ildə AQEM Xarici İşlər Nazirləri Şurasına, 2026-cı ildə isə AQEM Dövlət və Hökumət Başçılarının Şurasına (Sammit) ev sahibliyi etməsi nəzərdə tutulub.

Qeyd edək ki, AQEM-in çağırılması haqqında təşəbbüs ilk dəfə 5 oktyabr 1992-ci il tarixində Qazaxıstan tərəfindən BMT Baş Assambleyasının 47-ci sessiyası zamanı irəli sürülüb. Təşəbbüsün məqsədi, Asiyada təhlükəsizliyin təmin olunması üzrə effektiv və universal təşkilat yaradılmasıdır.

Hazırda təşkilatın 28 üzvü var. Bundan əlavə, 10 ölkə, həmçinin BMT, ATƏT, Beynəlxalq Miqrasiya Təşkilatı, Ərəb Dövlətləri Liqası, Türk PA kimi beynəlxalq təşkilatlar AQEM-də müşahidəçi statusuna malikdirlər.

AQEM-in inzibati orqanı Astana şəhərində yerləşən və Müşavirənin gündəlik fəaliyyətini əlaqələndirən Katiblikdir. AQEM-in fəaliyyətinin istiqamətləndirilməsi və prioritetlərinin müəyyənləşdirilməsi sədr ölkə tərəfindən həyata keçirilir.