Bakıda əmək yarmarkası keçirilib

Bakıda əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Texniki Universiteti (AzTU) və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində əmək yarmarkası keçirilib.

"Birxeber.Az" xəbər verir ki, tədbirdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, AzTU-nun rektoru Vilayət Vəliyev və Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, tələbələr, məzunlar iştirak ediblər.

AzTU-nun rektoru Vilayət Vəliyev universitetdə əmək bazarının tələblərinə uyğun kadr hazırlanması istiqamətində görülən işlərdən danışıb. O qeyd edib ki, son illərdə Azərbaycanda, eləcə də Qarabağın işğaldan azad olunması ilə ölkədə sahibkarlığın inkişafı təmin olunur, tələbələrin, həm də məzunların əmək bazarına çıxışı üçün əlverişli şərait yaradılır.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli son illər Azərbaycanda məşğulluq sahəsində aparılan yenilik və islahatlardan danışıb:

"Dünyada baş verən müharibələr, bəzi ölkələrdə inkişaf səviyyəsinin fərqləndirilməsi, dünya iqtisadiyyatının süni zəka və texnologiyalarından asılılığın artırılması, ənənəvi enerjidən alternativ enerjiyə keçid kimi məsələlər əmək bazarında yenidən baxmağı zəruri edir. Azərbaycan da bu məsələyə önəm verir. Əmək bazarına daxil olan gənclər üçün yeni çağırışlar formalaşdırılır. Yeni əmək bazarı ixtisasımızı bir neçə dəfə dəyişməyə sövq edəcək. Çünki əmək bazarı bunu tələb edir. Biz həm müasir əmək bazarının tələblərinə uyğun ixtisas seçməliyik, həm də ixtisasımızı dəyişməyə uyğunlaşma bacarığımız olmalıdır. Universitet diplomu başlanğıcdır. Əmək bazarı ilə ayaqlaşmaq üçün daim çalışmaq lazımdır. Agentlik ötən il 100-dən çox əmək yarmarkası təşkil edib, bu il bu say 30-a çatıb. Biz bu yolla işəgötürənlə işaxtaranları görüşdürürük".

Qeyd edək ki, yarmarkada 95 dövlət və özəl müəssisə tərəfindən ümumilikdə 800-dən artıq boş iş yeri və təcrübə proqramları təqdim edilib. Yarmarka iştirakçılarına Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri, gənclərə yönəlmiş layihələr barədə də məlumat verilib.