Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək

Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək

Nazirlər Kabineti Biləsuvar və Neftçala rayonlarının inzibati ərazilərində dövlət mülkiyyətinə aid torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin əraziləri kimi müəyyən edilib.

"Birxeber.Az" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 1 454 hektar torpaq sahəsi qoyuluş gücü 445 MVt olan günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

Həmçinin Neftçala rayonunun inzibati ərazisində Müdafiə Nazirliyinin istifadəsində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 523 hektar torpaq sahəsi Energetika Nazirliyinin istifadəsinə verilməklə, Neftçala rayonu Yenikənd Bələdiyyəsinin mülkiyyətində olan 400 hektar və Neftçala Bələdiyyəsinin mülkiyyətində olan 50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə birlikdə, ümumilikdə 973 hektar torpaq sahəsi qoyuluş gücü 315 MVt olan günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

Bu qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib