Şirkətlər “Bank Respublika”dan 45 milyondan çox depoziti geri çəkiblər - Aktivləri isə azalıb

Şirkətlər “Bank Respublika”dan 45 milyondan çox depoziti geri çəkiblər - Aktivləri isə azalıb

“Bank Respublika” 2024-cü ilin I rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” banka istinadən xəbər verir ki, 2024-cü ilin I rübündə “Bank Respublika”nın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə 39% artaraq 13 milyon 512 min manat təşkil edib. 2023-cü ilin müvafiq dövründə bank 9 milyon 717 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 25.8% artaraq 54 milyon 149 min manat, faiz xərcləri isə 16.4% artaraq 19 milyon 572 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 8.6 milyon manata ( illik müqayisədə 6.7% az), qeyri-faiz xərcləri isə 26.3 milyon manata ( illik müqayisədə 8.4% çox) bərabər olub. Beləliklə bank bu dövrdə 16 milyon 886 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da illik müqayisədə 50% çoxdur.

2024-cü ilin yanvar-martl ayları ərzində “Bank Respublika” kiçilib. Belə ki, cari ilin aprel 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 1.5% və ya 30.8 milyon manat azalaraq 2 milyard 100 milyon manata enib. Cari ilin ilk 3 ayında “Bank Respublika”nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 1.3% və ya 15 milyon manat artaraq 1 milyard 189 milyon manata bərabər olub.

Bu dövrdə “Bank Respublika”nın cəmi öhdəlikləri 1 milyard 941.6 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 1.7% və ya 33.6 milyon manat azdır.

Şirkətlər üç ay ərzində “Bank Respublika”dan 45 milyon manatdan çox depoziti geri çəkiblər. Belə ki, fiziki şəxslərin depozitləri ilin əvvəlinə nisbətən 1.9% və ya 12 milyon 554 min manat artaraq 673.2 milyon 542 min manat, hüquqi şəxslərin(şirkətlərin) depozitləri isə 5.8% və ya 45 milyon 245 min manat azalaraq 737.9 milyon manat təşkil edib. Bankın ümumi depozit portfeli də cari ilin ilk 3 ayında 2.3% və ya 32.7 milyon manat azalaraq 1 milyard 941.7 milyon manata enib.

2023-cü il aprel ayının 1-nə “Bank Respublika”nın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 1.8% və ya 2.8 milyon manat artaraq 158 milyon 561 min manat təşkil edib.