Bakı, Abşeron, Neftçala və Biləsuvarda bəzi torpaq sahələri bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Bakı, Abşeron, Neftçala və Biləsuvarda bəzi torpaq sahələri bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Bakı şəhəri, Qaradağ və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələri bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Bakı şəhəri, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində dövlət mülkiyyətində 3,375 hektar, Abşeron rayonunun inzibati ərazisində dövlət mülkiyyətində 19,875 hektar və Abşeron rayonu Pirəkəşkül-Qobustan Bələdiyyəsinin mülkiyyətində 11,25 hektar olmaqla, ümumilikdə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqori-yasına aid 34,5 hektar torpaq sahəsi qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

Nazirlər Kabineti Neftçala və Biləsuvar rayonlarının inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında da qərarlar verib. Beləliklə, Neftçala rayonunun inzibati ərazisində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin istifadəsində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 523,0 hektar torpaq sahəsi Energetika Nazirliyinin istifadəsinə verilməklə, Neftçala rayonu Yenikənd Bələdiyyəsinin mülkiyyətində olan 400,0 hektar və Neftçala Bələdiyyəsinin mülkiyyətində olan 50,0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə birlikdə, ümumilikdə 973,0 hektar torpaq sahəsi qoyuluş gücü 315 MVt olan günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.
Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 1454,0 hektar torpaq sahəsi qoyuluş gücü 445 MVt olan günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.