Annalena Berbok İsrailə gedir

Annalena Berbok İsrailə gedir

Almaniya xarici işlər naziri Annalena Berbok bu gün İsrailə səfərə gedir.

Birxeber.Az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bu, 2023-cü ilin oktyabr ayından bəri (HAMAS-ın İsrailə hücumundan sonra - red.) XİN rəhbəri Annalena Berbokun İsrailə yeddinci, regiona isə səkkizinci səfəridir.

Səfər çərçivəsində Almaniya xarici işlər naziri İsrailin xarici işlər naziri Katz və Baş nazir Netanyahu ilə görüşlər keçirəcək.

Bildirilib ki, bu görüşlərdə regionda mövcud vəziyyət haqqında fikir mübadiləsi aparılacaq və İranın hücumundan sonra Almaniyanın İsraillə həmrəyliyi vurğulanacaq.

"İran öz pilotsuz uçuş aparatları və raketləri ilə bütövlükdə regionda sabitliyi pozmağa çalışır - buna görə də İsraildəki danışıqlarda xüsusilə artan zorakılığın qarşısının necə alınacağı müzakirə olunacaq.

Eyni zamanda, Qəzzada davam edən fəlakətli humanitar vəziyyət arxa plana keçməməlidir. Buna görə də xarici işlər naziri Berbok bir daha həmsöhbətləri ilə yardım çatdırılmasında intensivliyin artırılması üçün şəraitin vacibliyini vurğulayacaq. HAMAS hələ də öz tunellərində - altı aydan çoxdur ki, israilli qadın, kişi və uşaqları girov saxlayır. Nəhayət, onlar azadlığa buraxılmalıdırlar, bu barədə də danışıqlar olacaq.

Sülh ancaq hamıya şamil olunarsa, mümkün ola bilər. Buna görə də Almaniya aylardır ki, davamlı humanitar atəşkəsə gətirib çıxaracaq və iki dövlətli həllə yol açacaq humanitar atəşkəs üçün var gücü ilə çalışır", - Almaniya XİN bildirib.