ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

Bu gün ADA Universitetində Karyera Hazırlığı Həftəsi işə başlayıb.

"Birxeber.Az" xəbər verir ki, aprelin 25-nə qədər davam edəcək tədbir ADA Universiteti Fondunun dəstəyi ilə keçirilir.

Karyera Hazırlığı Həftəsinin məqsədi tələbələri ölkəmizin əmək bazarındakı karyera imkanları ilə tanış etməkdir.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə qeyd edib ki, Karyera Hazırlığı Həftəsində iştirak edəcək tələbələri müəyyənləşdirmək üçün ali təhsil ocağının Karyera xidmətləri şöbəsinin təşəbbüsü ilə 500-dən çox müsahibədən ibarət seçim mərhələsi həyata keçirilib: “Tələbələr akademik göstəricilərinə və müsahibə nəticələrinə əsasən sənaye ekspertləri tərəfindən təşkil olunacaq təlim və seminarlarda iştirak imkanı əldə ediblər. Bu təlim və seminarlar maliyyə, bankçılıq, informasiya və telekommunikasiya, audit, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 20 yerli və xarici müəssisənin, şirkət və qurumun yüksəkixtisaslı peşəkarları tərəfindən əmək bazarının tələbləri və karyera yüksəlişi strategiyaları mövzularında keçiriləcək”.

On gün davam edəcək sessiyalar potensial işəgötürənlərlə əlaqələri asanlaşdırmaqla yanaşı, tələbələrə şirkətlərin daxilində təcrübə imkanı təqdim edəcək. Belə ki, şirkətlərin ayrılıqda təşkil etdiyi xüsusi seçim prosesindən keçən beş tələbə ixtisasına uyğun təcrübə proqramında iştirak imkanı əldə edəcək.

Karyera Hazırlığı Həftəsi çərçivəsində mayın 2-də Karyera sərgisi baş tutacaq. Müxtəlif sektorlardan 100-dən çox işəgötürənin iştirak etdiyi karyera sərgisi, tələbələr üçün potensial işəgötürənlərlə tanış olmaq, Tərcmeyi-halını birbaşa onlara təqdim etmək və yerindəcə müsahibələrdə iştirak etmək fürsəti təqdim edəcək.