Gecikmiş və əhəmiyyətsiz - Tokayevin səfəri Ermənistanda ikitirəlik yaradıb - ŞƏRH

Gecikmiş və əhəmiyyətsiz - Tokayevin səfəri Ermənistanda ikitirəlik yaradıb - ŞƏRH

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin aprelin 15-də Ermənistana qısamüddətli rəsmi səfəri gözlənildiyi kimi, ciddi maraq doğurmayıb. Postsovet və xarici media səfərlə bağlı sadəcə qısa xəbərlər verməklə kifayətləniblər. Ermənistan hakimiyyəti səfəri “uğur” kimi qələmə versə də, yerli media və siyasi dairələr fərqli mövqedən çıxış ediblər. Rəsmi İrəvanı yenə başa düşmək olar. Xarici liderlər nadir hallarda ölkəyə səfər edir, beynəlxalq tədbirlər keçirilmir. Sadəcə baş nazir Nikol Paşinyan Qazaxıstan Prezidentinin səfəri ilə daxildə mövqeyinin güclənəcəyinə ümid edir. Hər iki ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında və Avrasiya İqtisadi İttifaqında təmsil olunsa da, Astana Ermənistan-Azərbaycan münaqişəsinə obyektiv mövqeyi ilə seçilib, işğal siyasətinə qarşı çıxış edib. İkinci Qarabağ müharibəsində və sonrakı müddətdə Azərbaycanın haqq işini dəstəkləyib. Ölkələrimiz beynəlxalq gücə çevrilən Türk Dövlətləri Təşkilatında təmsil olunur, birgə iqtisadi, siyasi layihələrdə iştirak edirlər. Əvvəla, Bakı ilə Astana arasında münasibətlər yüksək səviyyədədir və önəmli olan odur ki, iki ölkə rəsmiləri də dəfələrlə bunu bəyan ediblər. Bu baxımdan erməni mediasında guya bu səfərin Azərbaycanda qıcıqla qarşılandığı iddiaları əsassızdır.

Qazaxıstanın dövlət başçısı da səfəri zamanı verdiyi bəyanatlarla bunu dolayısı ilə təsdiqləyib. Əvvəla, Tokayev bəyan edib ki, iki ölkə arasında sülh sazişinin imzalanmasında maraqlıdır: “Astana Ermənistan və Azərbaycanın sülh müqaviləsi bağlamaq istəyini alqışlayır”.

N.Paşinyanla birgə keçirdiyi brifinqdə onu da deyib ki, Qazaxıstan mümkün qədər kömək etməyə və danışıqlar üçün platforma təklif etməyə hazırdır: “Əsas məqsədimiz Qazaxıstana dost ölkələri bir-birinə daha da yaxınlaşdırmaq və sarsılmaz dostluq münasibətlərinə, sülhə və sabit inkişafa yol açmaqdır”.

İkincisi, İrəvanda ümid edirdilər ki, Kasım-Jomart Tokayev səfər zamanı qondarma erməni soyqırımı abidəsinə də baş çəkəcək. Lakin bu da baş verməyib. Dövlət başçısı bu addımı ilə ermənilərə Türkiyə və Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini çatdırıb. Bu birlik, əbədi və sarsılmazdır.

Üçüncüsü, hakimiyyətyönlü erməni mediası Qazaxıstan liderinin Ermənistanı “qardaş ölkə” adlandırmasını xüsusi qabardıb, amma burada qeyri-adi heç nə yoxdur. Astana Azərbaycanın ərazi bütövlüyün dəstəklədiyini bəyan edib, ölkəmizlə bağlı əsl qardaş mövqeyi ortaya qoyub. 2020-ci ilin 44 günlük müharibəsinin gedişində də bunun şahidi olduq.

Dördüncüsü, Qazaxıstan Prezidentinin Ermənistana qısamüddətli səfərinə yerli media və siyasi dairələrdə verilən qiymət maraqlıdır. Bu onu deməyə əsas verir ki, ermənilərdə Qazaxıstana qarşı kin və küdurət qalmaqdadır. Bəziləri səfərə Astananın Azərbaycana dəstəyi fonunda qiymət verib, onu “əhəmiyyətsiz və gecikmiş” kimi qələmə verib. Tokayevin İrəvandan əvvəl Bakıya səfər etməsini də xüsusi qabardıblar.

Səfəri Qazaxıstanın Qafqaz regionunda güclənməsi kimi qiymətləndirənlər də olub. Məsələn, “Qolos Armenii” nəşri yazır ki, ölkənin ekspert və media dairələrində Astananın Azərbaycanpərəst mövqe tutması fikri möhkəmlənib. “Qazaxıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü aydın və ardıcıl dəstəkləyib. Astana Bakının nəzarətinə keçən Qarabağın iqtisadi cəhətdən bərpası prosesində fəal iştirak edir. Bu ölkə uzun müddətdir ki, Ermənistanın Gömrük İttifaqına (sonradan Aİİ-yə çevrilib) qoşulmasına qarşı çıxır. Bunu da sərhəd məsələləri ilə əlaqələndirib. Astana Türkiyə ilə birlikdə Türk Dövlətləri Təşkilatı formatında fəal şəkildə qarşılıqlı fəaliyyət göstərir”.

Nəşr yazır ki, Qazaxıstan xarici siyasətinin öz nüansları mövcuddur. Astana ilk dəfə deyil ki, Qafqazda sülhməramlı rolunda çıxış etməyə çalışır. Xatırladaq ki, keçmiş Prezident Nursultan Nazarbayev hələ 1991-ci ilin sentyabrında Qarabağ nizamlanması ilə bağlı sülhməramlı təşəbbüsünə qoşulub. 2010-cu ildə Qazaxıstan ATƏT-ə sədrliyi qəbul edən ilk MDB dövləti olanda təşkilatın Astana Forumuna ev sahibliyi edib və bu forumda Bakı ilə İrəvan arasında barışıq mövzusu gündəmin əsas məsələlərindən biri idi. İndi də Kasım-Jomart Tokayev vasitəçi və sülhməramlı kimi çıxış etməyə hazır olduğunu açıqlayıb.

Bu kontekstdə Qazaxıstan lideri ölkəsini Azərbaycanla Ermənistan arasında sülh danışıqları üçün meydança kimi gördüyü də xüsusi vurğulanmalıdır. Lakin siyasi şərhçi Hakob Badalyan Astananın Ermənistan-Azərbaycan danışıqlarında “əhəmiyyətli və effektiv” rol oynaya biləcəyinə şübhə edir. Onun fikrincə, Astana kifayət qədər potensiala malik deyil, özü də “geosiyasi mübarizənin istiqamətidir”.

Sonda bir məsələni də qeyd edək. Söhbət Qazaxıstanda bu ölkə xalqına qarşı qanlı repressiyalarda əli olan daşnak-sovet lideri Levon Mirzoyandan gedir. Onun adını daşıyan küçələr ləğv edilib. 100 minə yaxın insanı repressiya etdirən bu şəxsin 25 min qazaxın güllələnməsində əli olub. Maraqlıdır ki, L.Mirzonaya qarşı bu kampaniya baş qaldıranda Ermənistan və diaspora böyük səs-küy qaldırmış, hətta qazaxları nankorluqda ittiham etməkdən də çəkinməmişdilər. Yəqin ki, qazaxlar da bunu unutmayıblar. Ona görə də Qazaxıstan rəsmiləri Ermənistana səfər edə bilərlər, amma iki ölkə arasında münasibətlər heç vaxt müttəfiqlik səviyyəsinə qalxa bilməz.